Xəbərlər


On beş yaşadək cüdoçuların paytaxt birinciliyinə start verilib

"Sərhədçi” İdman Olimpiya Mərkəzində 15 yaşadək yeniyetmə cüdoçular arasında Bakı birinciliyi start götürüb. Yarışda 46 komandadan 529 cüdoçu mübarizəyə qoşulub. 

"Neftçi İdman Klubu”nun yetirmələri yarışın ilk gününü 4 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurublar.

Oğlanlar arasında Rza Yusufov (34 kq) və Fariz Allahverdiyev (42 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn Əzizov isə 3-cü pillədə qərarlaşıb.

Qızların yarışında Aydan Vəliyeva (32 kq) və Qönçə Cəfərli (63 kq) qalib adını qazanıblar. Cəmilə Əsədova (44 kq) və Firuzə Hacıverdiyeva (+63 kq) yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüblər. Nigar Səhrabova (36 kq) ilə Fatimə Kərimova (+52 kq) isə birinciliyi 3-cü yerdə başa vurublar.