Xəbərlər


Azərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu

Respublikamız Beynəlxalq Olimpiya Hərəkatında şərəfli bir yolla irəliləməkdədir. Təbii ki, bu, hər bir ölkə vətəndaşı kimi bizləri də sevindirir. Buna görə isə ilk növbədə dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi dəyərləndirmək lazımdır. Paytaxt və respublikanın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir ki, bunlar da yüksək səviyyəli idmançılar hazırlamaq imkanına malikdirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilməkdədir. Məhz dövlətin, Milli Olimpiya Komitəsinin gündəlik qayğısı sayəsində həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsində Azərbaycan ümumdünya olimpiyaçılar ailəsində böyük nüfuz sahibi olmuşdur. Ölkəmizin son dövrlər beynəlxalq aləmdə qazandığı inam, tez-tez mötəbər idman tədbirlərinə ev sahibliyi etməsi bunun əyani sübutudur.

"Neftçi İdman Klubu” İctimai Birliyi daim dövlətimizin bu istiqamətdə apardığı siyasətə öz əməli ilə dəstək verməyə çalışan öncül təşkilatlardandır. Belə ki, klub mütəmadi olaraq, neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.

Faktlara nəzər salsaq, 2017-ci ilin klubumuz üçün uğurlu olduğunu söyləyə bilərik. Bu müddət ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 35 növü üzrə 144 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 900-dən çox neftçi idmanla məşğul olmuşdur.

Klubumuzun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ötən il ərzində stolüstü tennis, voleybol, səmti müəyyən etmə, mini-futbol (28 May – Respublika Günü və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirlər) və «Atam, anam və mən» (1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri, eləcə də spartakiada təşkil olunub keçirilmişdir ki, bu yarışlarda da 1850-dən artıq neftçi iştirak etmişdir.

İdmanın kütləviləşməsi, sağlam gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli qeyd olunanı isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü) ərəfəsində təşkil olunan spartakiadadır. 2017-ci ildə klubumuz tərəfindən neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası keçirilmişdir. Yarışda 31 müəssisədən olan komandaların tərkibində 1238 iştirakçı mübarizə aparmışdır ki, onlardan da 201-i qadınlar idi. Spartakiadada 14 idman növü (atletika, mini-futbol, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə yarışlar təşkil olunmuşdur.

"Neftçi İdman Klubu”nun digər fəaliyyət istiqaməti olan böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də böyük uğurlar əldə edilmişdir. Azərbaycanın müstəqillik dönəmindən indiyə qədər idmançılarımız Atlanta, Sidney, Afina, Pekin, London və Rio de Janeyro olimpiadalarında iştirak etmiş və ölkəmizə medallarla dönmüşlər. Bununla bərabər, klubun yetirmələri müxtəlif səviyyəli beynəlxalq yarışlarda mütəmadi olaraq, ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı göylərə ucaltmaqda davam edirlər. Təkcə 2017-ci il ərzində idmançılarımız 1215 medal qazanmışlar ki, onlardan da 448-i qızıl, 327-si gümüş, 440-ı isə bürüncdür.

May ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkəni təmsil edən 3000-dən çox idmançı 21 idman növü üzrə 269 dəst medal uğrunda mübarizə aparırdı. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanmışlar. Statistikaya görə, indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmamışdı.

Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, böyük uğurlara imza atdılar. Belə ki, Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş, 37 bürünc) İslamiadanın qalibi adını qazandı.

Qürurverici haldır ki, Azərbaycan komandasının əldə etdiyi medallardan 59-u "Neftçi İdman Klubu”nun atletlərinə məxsus olmuşdur. Bu medallardan 33-ü qızıl, 19-u gümüş, 7-si isə bürüncdür. Qızıl medallara Orxan Səfərov, Nicat Şıxəlizadə, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elxan Məmmədov, Erdenebat Bazarraqça (hamısı cüdo), Elçin Talıbov, Ramil Qasımov, Afaq Sultanova (hamısı paracüdo), Ruslan Lunyov (güllə atıcılığı, 5 qızıl medal), Ayxan Tağızadə, Ramin Əzizov (hər ikisi taekvondo), Elvin Mürsəliyev, İslam Abbasov (hər ikisi yunan-Roma güləşi), Mahir Əmiraslanov, Hacı Əliyev (hər ikisi sərbəst güləş), Nazim Babayev (atletika), Elçin Muradov, Samir Nəbiyev (2 qızıl medal), Elmir Cəbrayılov və Oloxan Musayev (hamısı paraatletika) sahib oldular. Rüstəm Orucov, Elmar Qasımov, Nəzakət Əzizova, Xanım Hüseynova, İrina Kindzerska (hamısı cüdo), Bayram Mustafayev, Kənan Abdullaxanlı, Sevda Vəliyeva (hər üçü paracüdo), Səbirə Əliyeva (qadın güləşi), Elçin Muradov, Kamil Əliyev (hər ikisi paraatletika), Orxan Xanlarov (zorxana) gümüş, Rəsul Çunayev (yunan-Roma güləşi), Orxan Xanlarov (zorxana), Natiq Talıbov, Rövşən Səfərov, İlham Zəkiyev (hamısı paracüdo), Oloxan Musayev və Oleq Panyutin (hər ikisi paraatletika) isə bürünc medala layiq görüldülər.

Əldə olunan medallardan on dördünü isə idmançılarımız komanda yarışlarında qazandılar.

Avqust ayında Fransanın paytaxtı Parisdə keçirilən güləş üzrə dünya çempionatında klubumuzun yetirmələri uğurlu çıxışları ilə yadda qaldılar. Belə ki, sərbəst güləşçimiz Hacı Əliyev (61 kq) həmin mundialda dünya çempionu adını qazandı. Bununla da o, Azərbaycan sərbəst güləş tarixində üçqat dünya çempionu olan ilk güləşçi oldu. Yunan-Roma güləşçimiz Elvin Mürsəliyev (80 kq) isə bürünc medala layiq görüldü.

Avqustun sonu və sentyabrın əvvəllərində Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatında "Neftçi İdman Klubu”nun təmsilçiləri tarixi uğura imza atdılar. 134 ölkədən 794 cüdoçunun mübarizə apardığı mundialda ilk dəfə olaraq iki cüdoçumuz finala yüksəldi. Orxan Səfərov (60 kq) və Rüstəm Orucov dünya çempionatının gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medalına sahib oldular.

Oktyabr ayında Xorvatiyanın paytaxtı Zaqrebdə 83 ölkədən 590 cüdoçunun qatıldığı gənclər arasında dünya birinciliyində klubumuzun yetirmələri böyük əzmkarlıq nümayiş etdirərək 4 medala yiyələndilər. Cüdoçularımızdan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya çempionu adını qazandılar. Natiq Qurbanlı (55 kq) gümüş, Nəzakət Əzizova (52 kq) isə bürünc medala sahib oldu.

Bundan əlavə, cüdoçularımız il ərzində təşkil olunmuş Avropa çempionatı və kuboku yarışlarında, eləcə də "Böyük dəbilqə” və Qran-pri beynəlxalq turnirlərində əzmlə mübarizə apararaq ölkəmizə medallarla dönmüşlər.

Yola saldığımız ildə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də yüksək nailiyyətlər əldə olunmuşdur. Belə ki, yüksək liqada çıxış edən kişilərdən ibarət voleybol və futzal komandalarımız sonuncu Azərbaycan çempionatında 2-ci yerə çıxmışlar. Bundan əlavə, futbol üzrə ölkə çempionatının Birinci Divizionunda çıxış edən «Qaradağ Lökbatan» komandası mövsümü 4-cü yerdə başa vurmuşdur. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə futbol üzrə dörd yaş qrupunda keçirilən Bakı şəhər klub komanda birinciliyində klubumuz bütün yaş qruplarında təmsil olunmuşdu. «Neftçi İdman Klubu»nun komandaları müxtəlif yaş qruplarında Azərbaycan və Bakı birinciliklərində, eləcə də Bakı Futbol Federasiyasının təşkil etdiyi «Sabahın ulduzları» paytaxt çempionatında çıxışlarını uğurla davam etdirməkdədirlər.

Ümumiyyətlə, "Neftçi İdman Klubu” uşaq futbolunun inkişafını özünün prioritet məsələlərindən hesab edir. Ona görə də uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər və kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən daim seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Hal-hazırda "Neftçi İdman Klubu”nda 22 məşqçinin rəhbərliyi altında 250-dən çox uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Onu da qeyd edək ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda klubumuz yüksək səviyyədə təmsil olunur.

Bu sahədə məqsədyönlü şəkildə görülən işlər və həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, 2017-ci ilin dekabr ayında Türkiyənin Trabzon şəhərində təlim-məşq toplanışında olan on iki yaşadək futbolçulardan ibarət komandamız bu müddət ərzində paralel olaraq həm də dörd yoldaşlıq görüşü keçirdi. Böyük əzmkarlıq nümayiş etdirən futbolçularımız bütün qarşılaşmaları qələbə ilə başa vurdular. Təmsilçimiz "Trabzonspor”, "Ortahisar”, "Yolspor” və "Soyuqsuspor” komandalarını müvafiq olaraq 4:1, 5:3, 6:0 və 11:3 hesabı ilə məğlubiyyətə uğratdı. Bu da təbii ki, çox yaxşı göstəricidir və klubumuzun uşaq futboluna göstərdiyi qayğının açıq təzahürüdür.

Sadaladığımız bu uğurlar il ərzində klubun qazandığı nailiyyətlərin cüzi bir hissəsidir. Əldə etdiyi yüksək nailiyyətlər sayəsində klubumuz Gənclər və İdman Nazirliyi tərəfindən "İlin ən yaxşı idman təşkilatı” adına layiq görülmüşdür. Bundan əlavə, həmin qurum tərəfindən "İlin ən yaxşı idmançıları” nominasiyasında qalib olan 12 idmançıdan beşi – Hacı Əliyev (sərbəst güləş), Hidayət Heydərov (cüdo), Nazim Babayev (atletika), Ruslan Lunyov (güllə atıcılığı) və İlham Zəkiyev (paracüdo) klubumuzun yetirmələridir. Bütün bu göstəricilər «Neftçi İdman Klubu»nun ölkədə lider idman cəmiyyəti olmasının əyani sübutudur.

Şübhəsiz ki, bu uğurların əldə olunmasında SOCAR-ın prezidenti Rövnəq Abdullayevin idmançılarımıza mütəmadi olaraq göstərdiyi diqqət və qayğının danılmaz rolu vardır. Məhz onun yaxından köməkliyi sayəsində idmançılarımız üçün hər cür şərait yaradılmışdır və təbii ki, uğura aparan yolun əsas sirləri də elə burada gizlənir.

Azərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu olduAzərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu olduAzərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu
Azərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu olduAzərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu olduAzərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu
Azərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu
Azərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu
Azərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu
Azərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu
Azərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu
Azərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu
Azərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu
Azərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu
Azərbaycanın İslamiada-2017-nin qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu