Xəbərlər


“Qaradağ Lökbatan”dan 4 qol

I Divizionda XIII turun oyunları keçirilib.

"Qaradağ Lökbatan” bu turda "Mil-Muğan”la üz-üzə gəlib. Qaradağ Təlim- İdman Bazasının stadionunda gerçəkləşən matç komandamız üçün yaxşı başlamayıb. Belə ki, qarşılaşmanın 7-ci dəqiqəsində rəqib Comərd Baxşəliyevin vurduğu qolla önə keçib. Ancaq tədricən oyuna nəzarət etməyə nail olan futbolçularımız cəmi on dəqiqə sonra Elvin Adışirinlinin ifasında hesaba tarazlıq gətiriblər-1:1. 43-cü dəqiqədə isə Natiq Kərimi komandamızın ikinci qoluna müəlliflik edib. Tərəflər elə bu hesabla da fasiləyə yollanıblar. İkinci hissədə "Qaradağ Lökbatan” daha iki dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. 85-ci dəqiqədə Əliqulu Manafov azarkeşləri ayağa qaldırıb. Cəmi iki dəqiqə sonra Elvin Adışirinli özünün ikinci, komandasının isə dördüncü qoluna imza atıb-4:1.

Qeyd edək ki, hazırda "Qaradağ Lökbatan” ən yaxın izləyicisi "Binə”ni 14 xal qabaqlayır və 35 xalla turnir cədvəlinin vahid lideridir.