Xəbərlər


“Qaradağ Lökbatan” MOİK-i də məğlub etdi

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda X turun oyunları keçirilib.

"Qaradağ Lökbatan" Qaradağ Təlim-İdman Bazasının stadionunda MOİK-lə üz-üzə gəlib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan rəqiblə oyun gərgin mübarizə şəraitində keçib. Qarşılaşmanın 19-cu dəqiqəsində Əliqulu Manafov matçın ilk qoluna imza atıb. Birinci hissə elə bu hesabla da yekunlaşıb. Fasilədən sonra tərəflər qarşılıqlı hücumlarını davam etdiriblər. 52-ci dəqiqədə Sabir Allahquliyev komandamızın ikinci qolunu vurmağa müvəffəq olub. Cəmi dörd dəqiqə sonra MOİK İsmayıl İbrahimlinin ifasında vurulan qollardan birinin əvəzini çıxıb – 2:1. Ancaq rəqibin bundan artığına gücü çatmayıb. Beləliklə, oyun "Qaradağ Lökbatan"ın 2:1 hesablı qələbəsi ilə sona yetib.

Qeyd edək ki, komandamız xallarının sayını 26-ya çatdırıb və turnir cədvəlindəki ən yaxın izləyicisi MOİK-lə xal fərqini 9-a yüksəldərək liderliyini bir qədər də möhkəmləndirib.