Xəbərlər


Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasına yekun vuruldu

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə sentyabrın 11-də start götürmüş neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasına yekun vuruldu. 31 komandanın mübarizə apardığı mötəbər yarışa 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə 1238 iştirakçı qatılmışdı ki, onlardan da 201-i qadınlar idi. Yarışlar Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə "Start” İdman Kompleksində, güllə atıcılığı növündə isə Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirildi.

Heydər Əliyev adına Neft Emalı Zavodu (678,5 xal) ümumi komanda hesabında XXV Spartakiadanın qalibi adını qazandı. Neft Kəmərləri İdarəsi (641,5 xal) 2-ci, "Neft Daşları” Neftqazçıxarma İdarəsinin komandası (612 xal) isə 3-cü yeri tutdu.

Qaliblərə "Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olundu.

Bununla da neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasına yekun vuruldu.