Xəbərlər


Hacı Əliyev 3-cü dəfə dünya çempionu oldu

 

 

Fransanın paytaxtı Parisdə keçirilən güləş üzrə dünya çempionatında "Neftçi İdman Klubu"nun sərbəst güləşçisi Hacı Əliyev qızıl medala sahib olub. 61 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionu, Rio Olimpiya Oyunlarının bürünc medalçısı H.Əliyev bütün rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Finala gedən yolda güləşçimiz Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə Hacı Əliyevin rəqibi Rusiya idmançısı Hacımurad Rəşidov olub. Görüşün başa çatmasına 30 saniyə qalmış idmançımız tam üstünlüklə qalib gəlib.

Bununla da Hacı Əliyev Azərbaycan sərbəst güləş tarixində üçqat dünya çempionu olan ilk güləşçi olub.

Xatırladaq ki, mundialın ilk günlərində klubumuzun yunan-Roma güləşçisi Elvin Mürsəliyev (80 kq) bürünc medal qazanmışdı.