Xəbərlər


Universiadada daha bir medal

Tayvanın paytaxtı Taypeydə keçirilən XXIX Ümumdünya Yay Universiadasında "Neftçi İdman Klubu”nun taekvondoçusu Ayxan Tağızadə gümüş medala layiq görülüb. 68 kq çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız ilk görüşündə fransalı Franko Mattey üzərində 19:7 hesablı qələbə qazanıb. Təmsilçimiz ardınca Yakub Barnettə (Böyük Britaniya) 17:9, Xavyer Peresə (İspaniya) isə 9:7 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə o, Ermənistan idmançısı Sergey Vadazaryan üzərində parlaq qələbə qazanıb (31:14) və finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada Ayxan Tağızadə rusiyalı Boris Krasnovla mübarizədən məğlub ayrılıb və mötəbər yarışın gümüş medalına sahib olub.

Xatırladaq ki, Universiadanın ilk günündə klubumuzun cüdoçusu Zelim Kotsoyev (100 kq) qızıl medal qazanmışdı.