Xəbərlər


Sən bunu necə edə bilərsən, Rəsul?!

"Neftçi İdman Klubu” 80 illik böyük bir tarixə malikdir. Bu qurum ötən əsrin 37-ci ilində "Neftçi” Könüllü İdman Cəmiyyəti kimi yaranmış, sonralar "Neftçi” İdman-Sağlamlıq Mərkəzi olaraq öz işini davam etdirmiş, hal-hazırda isə "Neftçi İdman Klubu” adı altında fəaliyyət göstərməkdədir. Bir əsrə yaxın tarixi olan idman ocağı daim ölkəmizdə bədən tərbiyəsi, idmanın təbliği və inkişafında əhəmiyyətli rol oynamışdır.

1996-cı ildə "Neftçi İdman Klubu”nun 60 illik yubileyi ərəfəsində Suraxanı qəsəbəsindəki Olimpiya Təlim-İdman Kompleksinə təşrif buyurmuş, ölkədə idmanın inkişafına xüsusi önəm verən ümummilli lider Heydər Əliyev orada klubun məşqçi-müəllimləri, idmançıları ilə görüşmüş və onlara hər cür qayğı göstərmişdir.

Hal-hazırda isə onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu missiyanı şərəflə davam etdirir. Elə bunun nəticəsidir ki, artıq ölkəmiz Avropa və dünya dövlətləri arasında idman ölkəsi kimi tanınmışdır.

"Neftçi İdman Klubu” da öncül idman ocağı olaraq tarixən dövlətimizin bu sahədə apardığı siyasəti dəstəkləmiş və ölkə idmanının inkişafında mühüm rol oynamışdır. Müstəqillik dönəmində istər Rafiq Bünyadovun, istər millət vəkili Rauf Əliyevin və istərsə də klubun hazırkı rəhbəri Sadıq Sadıqovun rəhbərliyi altında burada daim idmançılara xüsusi qayğı göstərilmiş və bu gün də bu ənənə davam etməkdədir. Elə bunun nəticəsidir ki, klubumuzun idmançıları Atlanta, Sidney, Afina, Pekin, London və Rio de Janeyro olimpiadalarında uğurla mübarizə aparmış və ölkəmizə medallarla dönmüşlər.

Güləş idman növünə gəldikdə isə tam əminliklə söyləyə bilərik ki, klubda bu idman növü daha çox populyar olub və həmişə klub rəhbərliyi tərəfindən qayğıyla əhatə olunub. Ölkəmiz də bunun bəhrəsini görüb. Belə ki, Namiq Abdullayev, Fərid Mansurov, Toğrul Əsgərov, Rövşən Bayramov, Vitali Rəhimov və digər bu kimi dünyaca məşhur güləşçilər məhz "Neftçi İdman Klubu”nun yetirmələridir. Eləcə də, Hicran Şərifov, Əsgərxan Novruzov, Rövşən Umudov, Azər Əliyev, Elçin Cəfərov, Əfsər Namazəliyev, İlqar Abdulov kimi simalar klubumuzun məşqçi-müəllimlərindəndirlər.

Bu idman ocağının daim belə qayğı görmüş, uzun illər ərzində böyük zəhmət sayəsində yetişdirilmiş və müxtəlif titullar qazanaraq məşhurlaşmış güləşçilərindən biri də dünya və Avropa çempionu Rəsul Çunayevdir.

Böyük təəssüf hissi ilə qeyd etmək istəyirik ki, idmançı bugünlərdə mətbuata açıqlama verərək bildirib ki, "Neftçi İdman Klubu”ndan ayrılıb. Səbəb kimi də onu göstərir ki, guya "Rio-2016”da bürünc medal qazandığına görə ona klub tərəfindən mükafat vəd olunub və bu günə qədər bu vədə əməl olunmayıb. Guya aldadıldığını görən Rəsul Çunayev klubdan ayrılmağa qərar verib.

Əvvəla, onu qeyd edək ki, Rəsul Çunayev on ildir (2007-ci ildən) ki, klubumuzda fəaliyyət göstərir. Bu illər ərzində o, öz dövrünə görə daim yüksək əmək haqqı ilə təmin olunub. Bundan əlavə, müxtəlif illərdə ayrı-ayrı uğurlarına görə klub tərəfindən mükafatlar alıb. Klub rəhbərliyi onun şəxsi problemləri ilə daim maraqlanıb, ona ailə və məişət problemləri baxımından köməkliklər olunub. Biz sadəcə, etik normalara riayət edərək bu rəqəmləri mətbuata açıqlamaq istəmirik. Ancaq buna baxmayaraq, ona verilmiş əmək haqqı və mükafatlar klubun mühasibatlığındakı müvafiq sənədlərdə dəqiqliyi ilə öz əksini tapmışdır. Lazım gəlsə, biz bütün bunları açıqlayacağıq. O ki qaldı "Rio-2016”dakı mükafat məsələsinə bu tamamilə yanlışdır. Orada qazanılan uğurlara görə bütün idmançılar ölkə başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə mükafatlandırılıblar. Klub tərəfindən isə nə Rəsul Çunayevə, nə də digər idmançılara heç bir mükafat vəd verilməyib.

Ancaq bu ilin əvvəlindən Rəsul Çunayev bizə müraciət edərək aldığı yüksək əmək haqqının az olduğunu bildirmiş və maaşının artırılmasını istəmişdir. Klub rəhbərliyi isə onun nəzərinə çatdırmışdır ki, bizdə ən yüksək əmək haqqı elə bu qədərdir, hətta Olimpiya çempionları üçün də. O da bu maaşın az olduğunu əsas gətirərək bir neçə ay bundan əvvəl öz xahişi ilə klubdan ayrılıb. Odur ki, bu gün bizim Rəsul Çunayevə heç bir maddi və mənəvi borcumuz yoxdur və yuxarıda qeyd etdiyimiz kimi o, klubdan xeyli vaxtdır ki, öz istəyi ilə ayrılıb. İndi belə bir açıqlama verməsi heç bir məntiqə sığmır və həqiqəti əks etdirmir. Lap elə hesab edək ki, bizim ona hansısa borcumuz var və müəyyən çətinliklər ucbatından verə bilmirik. Rəsulun elə o dəqiqə bu onillik münasibətləri, yaxşılıqları unudub öz doğma klubundan belə asanlıqla üz döndərməsinə nə ad vermək olar?! İllərdir ki, bu klubdan xüsusi diqqət və qayğı görən, vaxtı-vaxtında əmək haqqı və mükafatlarını alan, hər kəs tərəfindən dost, qardaş münasibəti görən bir insanın böyüdüyü, uğur qazandığı, məşhurlaşdığı, ailə səmimiyyəti gördüyü bir klub haqda belə çıxış etməsi, yalan danışması sözün həqiqi mənasında hər birimizin təəccübünə və təəssüfünə səbəb oldu.