Xəbərlər


“Neftçi İdman Klubu”nun təmsilçiləri ilin birinci yarısında 880 medala sahib olublar

"Neftçi İdman Klubu” İctimai Birliyi ölkəmizin aparıcı idman ocaqlarındandır. Azərbaycanda böyük nüfuza malik olan klubumuzun yetirmələri əldə etdikləri uğurlarla bunu daim sübut etməkdədirlər. İdmançılarımız bu ilin ilk yarısında qazandıqları medalların sayına görə yenə də liderliyi qoruya biliblər.

Klubun yetirmələri 2017-ci ilin ilk altı ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda böyük əzmkarlıq göstərərək, 321-i qızıl, 249-u gümüş və 310-u bürünc olmaqla, ümumilikdə 880 medala yiyələniblər. Təmsilçilərimiz bu ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi layiqincə təmsil edərək 59 medal (33 qızıl, 19 gümüş, 7 bürünc) qazanıblar. İdmançılarımız dünya yarışlarında 13 (4 qızıl, 6 gümüş, 3 bürünc), Avropa yarışlarında 40 (12 qızıl, 9 gümüş, 19 bürünc), beynəlxalq turnirlərdə isə 104 medala (30 qızıl, 25 gümüş, 49 bürünc) sahib olublar. Respublika səviyyəli yarışlarda 353 dəfə fəxri kürsüdə yer alan (136 qızıl, 105 gümüş, 112 bürünc) atletlərimiz paytaxt yarışlarında 188 (55 qızıl, 52 gümüş, 81 bürünc), digər yarışlarda isə 123 medal (51 qızıl, 33 gümüş, 39 bürünc) əldə ediblər.