Xəbərlər


Samboçularımız xatirə turnirində yüksək nailiyyət qazanıblar

Şağan Olimpiya İdman Kompleksində SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş sambo üzrə Azərbaycan kuboku keçirilib. Turnirdə üç yaş qrupu üzrə 600-ə qədər idmançı mübarizə aparıb.

Yeniyetmələr (1999-2001), gənclər (1997-1998) və kişilər arasında təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun samboçuları əzm göstərərək 34 medala (15 qızıl, 9 gümüş, 10 bürünc) sahib olublar. Yeniyetmələr arasında Nurlan İsmayılov (48 kq), Əlifağa Qənbərov (52 kq), Rəşad Dünyamalıyev (56 kq), Teymur Allahverdiyev (70 kq) və Əli Nəzərli (81 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclərdən Sabir Ağayev (48 kq), Eyvaz Baxşıyev (52 kq), Rəşad Dünyamalıyev (57 kq), Bahadur Əsgərov (68 kq), Elçin Sadıqov (90 kq), kişilər arasında isə Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq), Emin Həsənov (68 kq), Samir Kərimov (74 kq) və Ceyhun Hüseynov (82 kq) eyni uğura imza atıblar.