Xəbərlər


Cüdoçularımız İslamiadada daha 10 medala sahib oldular

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

Heydər Əliyev adına İdman Sarayında təşkil olunan yarışın ikinci günündə də klubumuzun cüdoçuları uğurlarını davam etdiriblər. İdmançılarımızdan 90 kq çəkidə ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev finala qədər inamla irəliləyib. Həlledici görüşdə Əlcəzair idmançısı Abderrahman Benamadi üzərində parlaq qələbə qazanan Mehdiyev "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.

100 kq çəki dərəcəsində finala vəsiqə qazanan hər iki cüdoçu klubumuzun yetirməsi olub: Elxan Məmmədov və Elmar Qasımov. Bu qarşılaşma Elxan Məmmədovun qələbəsi ilə başa çatıb və o, mötəbər turnirin qalibi adını qazanıb. Elmar Qasımov isə gümüş medala layiq görülüb.

Paralimpiyaçı cüdoçularımızdan Elçin Talıbov (66 kq) və Ramil Qasımov (73 kq) İslamiadanın qızıl medalına yiyələniblər. Bayram Mustafayev (66 kq) və Kənan Abdullaxanlı (+100 kq) gümüş, Natiq Talıbov (73 kq), Rövşən Səfərov (90 kq) və İlham Zəkiyev (+100 kq) isə turniri bürünc medalla başa vurublar.

Xatırladaq ki, cüdo yarışının ilk günündə klubumuzun yetirmələri 8 medal (4 qızıl, 4 gümüş) qazanmışdılar.