Xəbərlər


Klubumuzun cüdoçuları yarışın ilk günündə 8 medal qazandılar

"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları davam edir. Bu oyunlar çərçivəsində Heydər Əliyev adına İdman Sarayında cüdo yarışlarına start verilib.

"Neftçi İdman Klubu”nun milli komandamızın heyətində təmsil olunan cüdoçularından səkkizi mötəbər turnirin medallarına sahib olub. İdmançılarımızdan 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov finala qədər maneəsiz irəliləyib. Həlledici görüşdə Türkiyə təmsilçisi Bekir Özlü ilə üz-üzə gələn cüdoçumuz rəqibi üzərində parlaq qələbə qazanıb və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına yiyələnib.

Klubun digər yetirməsi Nicat Şıxəlizadə də eyni uğuru təkrarlayıb. Cüdoçumuz həlledici final görüşündə Əlcəzair idmançısı Houd Zourdanini 46-cı saniyədə ipponla məğlub edərək bu uğura imza atıb.

Bu çəki dərəcəsində mükafatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim olunub.

73 kq çəki dərəcəsində finalda klubumuzun iki cüdoçusu – Hidayət Heydərovla Rüstəm Orucov qarşılaşıblar. Bu görüşdə Hidayət Heydərov ipponla qalib gələrək qızıl medala yiyələnib. Rüstəm Orucov isə yarışın gümüş medalına layiq görülüb.

Zərif cinsin nümayəndələri arasında keçirilən yarışlarda daha iki idmançımız – Nəzakət Əzizova (52 kq) və Xanım Hüseynova (63 kq) finala vəsiqə qazanıb. Hər iki idmançımız bu mərhələdə qardaş Türkiyə təmsilçilərinə məğlub olublar və gümüş medal əldə ediblər.

Paralimpiyaçı cüdoçularımızdan isə 57 kq çəki dərəcəsində çıxış edən Afaq Sultanova və Sevda Vəliyeva finala yüksəliblər. Bu qarşılaşmadan qalib ayrılan Afaq Sultanova qızıl, Sevda Vəliyeva isə gümüş medala layiq görülüb.

Beləliklə, klubumuzun cüdoçuları bu idman növündə təşkil olunan yarışın ilk günündə ümumilikdə 8 medal (4 qızıl, 4 gümüş) qazanıblar.
Klubumuzun cüdoçuları yarışın ilk günündə 8 medal qazandılarKlubumuzun cüdoçuları yarışın ilk günündə 8 medal qazandılarKlubumuzun cüdoçuları yarışın ilk günündə 8 medal qazandılar