Xəbərlər


“Neftçi İdman Klubu”nun təmsilçiləri “Bakı Marafonu 2017”də

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2017” keçirilib. "Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometrlik yarımmarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.

"Bakı Marafonu 2017”yə 1000-dən çoxu xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 13 mindən artıq insan qatılıb. Yarışa respublikada fəaliyyət göstərən 60-dan çox təşkilat və şirkətin təmsilçiləri də qoşulub. Eləcə də İsveçrə, Hindistan, Çex Respublikası, Meksika, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və Malayziyanın ölkəmizdəki səfirləri, Koreya, İraq, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanın Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqının respublikamızdakı nümayəndəliyinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının və "BP Azərbaycan” şirkətinin təmsilçiləri yarışa qoşulublar. Marafonda, həmçinin ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ukrayna və digər ölkələrin vətəndaşları da iştirak ediblər.

İştirakçılar Dənizkənarı Milli Parkdan başlayaraq "Neftçilər” prospekti, Yusif Səfərov küçəsi ilə qaçıblar. Daha sonra Heydər Əliyev Mərkəzinin yanından keçərək Heydər Əliyev prospekti ilə Bakı Olimpiya Stadionuna qədər yol qət ediblər.

Azərbaycan idmanının inkişafına yönəlmiş bütün tədbirlərdə olduğu kimi, bu dəfə də "Neftçi İdman Klubu” marafonda aktiv iştirakı ilə seçilib. Belə ki, klubumuzun müxtəlif idman növləri ilə məşğul olan 150-dən artıq yetirməsi iştirakçılar arasında yer alıb.

Marafondan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Xatırladaq ki, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan "Bakı Marafonu” ilk dəfə 2016-cı il mayın 1-də keçirilib.

Qeyd edək ki, bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarımmarafonun məsafəsi isə 21 kilometrdir. Onu da vurğulayaq ki, marafon yarışları idman tədbirləri olmaqla yanaşı, həm də xeyriyyə məqsədi daşıyır.
“Neftçi İdman Klubu”nun təmsilçiləri “Bakı Marafonu 2017”də“Neftçi İdman Klubu”nun təmsilçiləri “Bakı Marafonu 2017”də“Neftçi İdman Klubu”nun təmsilçiləri “Bakı Marafonu 2017”də“Neftçi İdman Klubu”nun təmsilçiləri “Bakı Marafonu 2017”də