Xəbərlər


Güləşçilərimiz 9 medal qazandılar

Aprelin 13-də Bakı İdman Sarayında startı verilmiş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. Yarışda Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Belarus pəhləvanları da qüvvələrini sınayıblar.

"Neftçi İdman Klubu”nun yığma komandaların heyətində təmsil olunan güləşçiləri ümumilikdə 9 medala (3 qızıl, 3 gümüş, 3 bürünc) sahib olublar. Klubun yunan-Roma güləşçilərindən 76 kq çəkidə çıxış edən Fikrət Vəliyev yeniyetmələr arasında bürünc medala layiq görülüb. Gənclərdən Arif Niftullayev (84 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elşad Məmmədov (55 kq) və Tuncay Vəzirzadə (84 kq) isə 3-cü yeri tutublar.

Sərbəst güləşçilərimizdən Əşrəf Kərimzadə (46 kq) bütün görüşləri qələbə ilə başa vurub və yeniyetmələr arasında turnirin qızıl medalına yiyələnib. 69 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Əzizov isə yalnız final qarşılaşmasından məğlub ayrılıb və gümüş medal əldə edib. Gənc sərbəst güləşçilərdən Mahal Novruzov (66 kq) əzmkarlıq göstərərək liderliyə yüksəlib. İntiqam Vəlizadə (55 kq) və İqbal Hacızadə (120 kq) isə yarışı gümüş medalla başa vurublar.