Xəbərlər


Damaçılarımız paytaxt çempionatında

Kişilər arasında 64 xanalı dama üzrə Bakı şəhər çempionatı sona yetib. 1 saylı Uşaq Gənclər İdman Şahmat-Dama Məktəbində təşkil olunan və İsveçrə sistemi ilə keçirilən 7 turluq yarışda 26 idmançı bacarığını nümayiş etdirib.

"Neftçi İdman Klubu”nun damaçıları paytaxt çempionatının bütün medallarına sahib çıxıblar. Belə ki, təmsilçilərimizdən Əziz Hüseynov 14 mümkün xaldan 12-ni toplayaraq çempionluq sevinci yaşayıb. Gənclər arasında Avropa və dünya çempionu olmuş Famil Kamilli isə ondan 1 xal geri qalıb və gümüş medala layiq görülüb. Hərəyə 10 xal toplayan Nofəl Aşumov və Camal Cabbarov isə 3-cü və 4-cü yerləri bölüşdürüblər. Əmsallar cədvəlinə görə isə bürünc medal Nofəl Aşumova təqdim olunub.

Qeyd edək ki, bu idmançılarımızın hamısı iyul ayında keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.