Xəbərlər


Boksçularımız respublika birinciliyini 8 medalla başa vurdular

Martın 26-da startı verilmiş yeniyetmə boksçuların Azərbaycan birinciliyinə yekun vurulub. Respublika Boks Mərkəzində təşkil olunan yarışda ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən 237 idmançı 13 çəki dərəcəsi üzrə mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun dəri əlcək ustaları birincilikdə 8 medala (3 qızıl, 3 gümüş, 2 bürünc) sahib olublar və komanda hesabında 2-ci yeri tutublar.

Boksçularımızdan 63 kq çəkidə çıxış edən Səlim Səlimov, Əmri Novruzov (75 kq) və Vüqar Səmədov (+80 kq) bütün döyüşlərdən qalib ayrılaraq Azərbaycan çempionu adını qazanıblar. Yalnız həlledici final görüşündə məğlub olan Kənan Abışov (48 kq), Ədalət Sayılov (70 kq) və Sadıq Sadıqov (80 kq) gümüş medala layiq görülüblər. 57 kq çəki dərəcəsində mübarizə aparan Əli Qənbərovla Amid Qanqavani (80 kq) isə ölkə birinciliyini 3-cü yerdə başa vurublar.

Qeyd edək ki, klubumuzun yetirməsi Vüqar Səmədov çempion olmaqla bərabər, həm də yarışın ən texnikalı boksçusu seçilib.