Xəbərlər


Cüdoçularımız “Böyük dəbilqə” turnirini 6 medalla başa vurdular

Martın 10-da Heydər Əliyev adına İdman Sarayında startı verilmiş cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turnirinə yekun vurulub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışda 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizəyə qoşulub.

Turnirin sonuncu – üçüncü günündə "Neftçi İdman Klubu”nun cüdoçuları daha üç medal (2 gümüş, 1 bürünc) qazanıblar. Onlardan 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev finala qədər maneəsiz irəliləyib. Yalnız həlledici görüşdə cüdoçumuz Qazaxıstan təmsilçisi İslam Bozbayevə məğlub olub və "Böyük dəbilqə” turnirinin gümüş medalına layiq görülüb. Klubun digər yetirməsi Elmar Qasımov (100 kq) da eyni uğura imza atıb. Finala yüksələn idmançımız bu mərhələdə hollandiyalı Mixail Korrellə bacara bilməyib və gümüş medala yiyələnib. Bu çəki dərəcəsində bürünc medal uğrunda həlledici görüşdə klubumuzun iki cüdoçusu – dünya çempionu Elxan Məmmədov və Zelim Kotsiyev üz-üzə gəlib. Bu qarşılaşmadan Elxan Məmmədov qalib ayrılıb və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Qeyd edək ki, klubun yetirmələrindən Abdulhəqq Rəsullu, Tural Səfquliyev (hər ikisi 90 kq) və Zelim Kotsiyev (100 kq) bürünc medal qazanmağa çox yaxın olsalar da, sonda buna müvəffəq ola bilməyiblər.

Xatırladaq ki, mötəbər turnirin ilk iki günündə cüdoçularımız daha üç bürünc medala (Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Xanım Hüseynova (63 kq)) sahib olmuşdular.

Azərbaycan millisi "Böyük dəbilqə" turnirində 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında Hollandiyadan sonra ikinci yeri tutub. Yaponiya komandası isə yarışı üçüncü yerdə başa vurub.

Cüdoçularımız “Böyük dəbilqə” turnirini 6 medalla başa vurdularCüdoçularımız “Böyük dəbilqə” turnirini 6 medalla başa vurdular