Xəbərlər


Cüdoçumuz “Böyük dəbilqə”nin ilk medalını qazandı

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə Bakı "Böyük dəbilqə” turnirinə start verilib. Heydər Əliyev adına İdman Sarayında təşkil olunan yarışda 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) mübarizə aparır.

Azərbaycan millisi turnirin ilk günündə bir bürünc medala sahib olub ki, bu mükafatı da ölkəmizə "Neftçi İdman Klubu”nun yetirməsi qazandırıb. 60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov bürünc medal uğrunda həlledici görüşdə Braziliya idmançısı Erik Takabatake ilə qarşılaşıb. Təmsilçimiz böyük əzmkarlıq nümayiş etdirərək rəqibini ipponla məğlub edib və "Böyük dəbilqə” turnirinin ilk medalına sahib olub.

Bu çəki dərəcəsində mükafatları Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, "Neftçi İdman Klubu" İB idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov və Olimpiya çempionu Elnur Məmmədli təqdim edib.

Qeyd edək ki, ölkəmizdə keçirilən mötəbər turnirə martın 12-də yekun vurulacaq.

Cüdoçumuz “Böyük dəbilqə”nin ilk medalını qazandı