Xəbərlər


Güləş üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə birinciliyi başa çatıb. 1997-1999-cu illər təvəllüdlü idmançılar arasında keçirilən yarışın ikinci – sonuncu günü yunan-Roma güləşçiləri meydana çıxıblar.

169 pəhləvanın qalib adı uğrunda yarışdığı birincilikdə "Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri 5 medala (3 qızıl, 2 bürünc) yiyələniblər. Təmsilçilərimizdən 60 kq çəki dərəcəsində gücünü sınayan Kamran Mirzəliyev, Ülvi Qənizadə (74 kq) və Tuncay Vəzirzadə (84 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq Azərbaycan çempionu adına sahib olublar. Elvin Mustafayev (55 kq) və Rəşad Mustafayev (84 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz komanda hesabında birinci yeri tutublar.

Xatırladaq ki, yarışın birinci günündə klubun sərbəst güləşçiləri respublika birinciliyinin 7 medalını (2 qızıl, 2 gümüş, 3 bürünc) qazanmışdılar.