Xəbərlər


Toğrul Əsgərov da lisenziya qazandı

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatı davam edir. 2016-cı ildə Rio de Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı çempionatın son günlərində sərbəst güləşçilər mübarizə aparırlar.

"Neftçi İdman Klubu”nun güləşçisi Toğrul Əsgərov (65 kq) ilk görüşdə qazaxıstanlı Sayatbek Okassovu məğlub edib. Növbəti qarşılaşmalarda Ermənistan idmançısı Devid Safaryan və gürcüstanlı Avtandil Kençadze üzərində qələbə qazanan təmsilçimiz dörddəbir finala yüksəlib. Bu mərhələdə italiyalı güləşçi Frank Çamizoya uduzan Əsgərov təsəlliverici görüşə çıxıb. Polşa idmançısı Maqomedmurad Qadjiyevlə üz-üzə gələn güləşçimiz rəqibini məğlubiyyətə uğratsa da, bürünc medal uğrunda qarşılaşmada İran pəhləvanı Seyidəhməd Mohammadipanekolaei ilə bacarmayıb və medaldan məhrum olub. Buna baxmayaraq, Toğrul Əsgərov ilk beşlikdə yer aldığı üçün Rio-2016-ya vəsiqəni təmin edib.

Xatırladaq ki, çempionatın ilk günlərində klubun yunan-Roma güləşçiləri Rövşən Bayramov və Elvin Mürsəliyev də Braziliya Olimpiadasına lisenziyanı təmin etmişdilər.