Xəbərlər


Güləş üzrə Bakı birinciliyinə yekun vurulub

Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə paytaxt birinciliyi başa çatıb. 2000-2001-ci illər təvəllüdlü idmançıların mübarizə apardığı yarışda əvvəlcə sərbəst güləşçilər xalça üzərinə çıxıblar. 16 klubu təmsil edən 214 pəhləvan 10 çəki dərəcəsi üzrə qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun sərbəst güləşçilərindən 6-sı mükafatçılar arasında yer alıb. Onlardan Xəzri Bağırlı (76 kq) və Fərid İsrafilov (85 kq) bütün rəqiblərini məğıubiyyətə uğradıblar və Bakı çempionluğuna seviniblər. Sahib Əzizov (58 kq), Adəm İsmayılov (100 kq) gümüş, Rəhmət Cəfərzadə (46 kq) və Cavid Quliyev (69 kq) isə bürünc medala layiq görülüblər.

16 komandadan 224 idmançının qatıldığı yunan-Roma güləşçilərinin yarışında isə təmsilçilərimizin çıxışı daha uğurlu alınıb. Belə ki, yeniyetmə pəhləvanlarımız 5 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar. Güləşçilərimizdən Elmir Əliyev (50 kq), Xasay Həsənli (58 kq), Allahverdi Əliyev (63 kq), Murad Əliyev (69 kq) və Fikrət Vəliyev (76 kq) məğlubiyyət tanımayaraq paytaxt birinciliyinin qalibi adına yiyələniblər. Yalnız finalda məğlub olan Əli Məmmədov (50 kq), Həsən Kərimli (54 kq) və Samir Bayramov (69 kq) gümüş, Nihat Quluzadə (46 kq) ilə Əli Əliyev (54 kq) isə bürünc medala sahib olublar.