Xəbərlər


Kiçikyaşlı futbolçularımız Gürcüstanda böyük uğura imza atıblar

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda çempionata fasilə verildiyindən "Neftçi İdman Klubu”nun U-17 və U-14 komandaları Gürcüstanın Çakvi şəhərində təlim-məşq toplanışında olublar.

Yanvarın 16-dan 24-dək davam edən toplantıda U-17 komandamız paralel olaraq bir sıra yoldaşlıq oyunları da keçirib. Komandamız "Kabuleti”, "Dinamo” və "Bobokvati” kollektivləri ilə qarşılaşıb və rəqiblərini müvafiq olaraq 6:1, 2:1 və 6:2 hesabı ilə məğlub edib.

U-14 komandamız isə həmin şəhərdə təşkil olunan turnirə qatılıb və bütün görüşləri qələbə ilə başa vuraraq liderliyə yüksəlib. Futbolçularımız "Momavali” (6:1), "Kaspi” (2:1), "Ozurgeti” (3:1) və "Bobokvati” (1:0) komandaları ilə keçirdikləri oyunların hər birində əldə etdikləri inamlı qələbə sayəsində turnirin qalibi adını qazanıblar.

Çakvi şəhər bələdiyyəsi tərəfindən keçirilən turnirin qaliblərinə kubok, medal və diplomlar təqdim olunub.