Xəbərlər


Neftçi İdman Klubunun yetirməsi Las Veqasda dünya çempionu oldu

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatı davam edir. 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri qaliblərin kimliyinə aydınlıq gətiriblər.

Yarışın ikinci günündə "Neftçi İdman Klubu”nun yetirməsi, ilk Avropa Oyunlarının qalibi Rəsul Çunayev (71 kq) finala qədər yüksələ bilib. İlk görüşdə monakolu Frank Hassli üzərində qələbə qazanan idmançımız, ardınca Rusiya pəhləvanı Adam Kurakı məğlubiyyətə uğradıb. Növbəti qarşılaşmada ABŞ təmsilçisi Justin Daşaun Lesterə tam üstünlüklə qalib gələn Çunayev yarımfinala yüksəlib. O, bu mərhələdə belaruslu Tsimur Berdiyevə də heç bir şans verməyib və finala vəsiqə əldə edib. Həlledici mərhələdə Rəsul Çunayev Ukraynanı təmsil edən erməni əsilli güləşçi Armen Vardanyan üzərində parlaq qələbə qazanıb və dünya çempionu tituluna sahib olub.

Klubun digər idmançısı, Olimpiya Oyunlarının ikiqat gümüş medalçısı və dünya çempionu Rövşən Bayramov (59 kq) da inamla çıxış edərək finala qədər irəliləyib. Bu yolda güləşçimiz Hindistandan olan Sinq Ravinderi, Şimali Koreya təmsilçisi Von Çol Yunu, iranlı Hamid Mohammad Soryanı və qırğızıstanlı Arsen Yeraliyevi yarışdan kənarlaşdırmalı olub. Karyerasında üçüncü dəfə dünya çempionatının finalına yüksələn Rövşən Bayramov, bu dəfə kubalı rəqibi İsmael Borrero Molina ilə görüşdən məğlub ayrılıb və dünya çempionatının gümüş medalına layiq görülüb.