Xəbərlər


Güləşçilərimiz beynəlxalq turnirdə 9 medala sahib olublar

Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 20-ci beynəlxalq turnir başa çatıb. Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də mübarizə aparıblar.

"Neftçi İdman Klubu”nun milli komandamızın heyətində yer almış yeniyetmələrindən 9-u (3 qızıl, 6 bürünc) mükafata layiq yer tutub. Sərbəst güləşçilərimizdən Adəm İsmayılov (100 kq) bütün görüşləri qələbə ilə yekunlaşdıraraq qızıl medala sahib çıxıb. Fərid Əhmədov (54 kq) və Fərid İsrafilli (85 kq) isə 3-cü yeri tutublar. Klubun yunan-Roma güləşçilərindən Elmir Əliyev (46 kq) və Samir Bayramov (69 kq) beynəlxalq turnirin qalibi adını qazanıblar. Pünhan Yolçuyev (42 kq), Urfan Həsənli (50 kq), İlkin Rzazadə (54 kq) və Cahandar Şahbazov (58 kq) isə yarışı 3-cü yerdə başa vurublar.