Xəbərlər


Sadıq Sadıqov: “İnanıram ki, idmançılarımız 2017-ci ildə də parlaq qələbələrini davam etdirəcəklər”

"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov klub və federasiyanın illik fəaliyyəti haqqında rəsmi saytımıza danışıb:

"Geriyə boylansaq, 2016-cı ilin "Neftçi İdman Klubu” üçün uğurlu olduğunu söyləyə bilərik. Bu müddət ərzində SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılmışdır. İl ərzində neftçilər arasında voleybol, mini-futbol, şahmat, müxtəlif idman-turizm yarışları, eləcə də XXIV Spartakiada keçirilmişdir ki, bu turnirlərdə də 1900-dən artıq neftçi iştirak etmişdir.

Klubun digər fəaliyyət istiqaməti olan böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlar əldə edilmişdir. İdmançılarımız Olimpiya oyunlarında, eləcə də müxtəlif səviyyəli beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmiş və ölkəmizə medallarla dönmüşlər. Braziliyanın Rio de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında klubun yetirmələri böyük əzmkarlıq nümayiş etdirərək 5 medala sahib olmuşlar (3 gümüş, 2 bürünc).

Ümumilikdə isə il ərzində idmançılarımız 1150 medal qazanmışlar ki, onlardan da 422-si qızıl, 329-u gümüş, 399-u isə bürüncdür. Əldə etdiyi yüksək nailiyyətlər sayəsində klubumuz Gənclər və İdman Nazirliyi tərəfindən "İlin ən yaxşı idman təşkilatı” adına layiq görülmüşdür. Bütün bu göstəricilər "Neftçi İdman Klubu”nun ölkədə lider idman təşkilatı olmasını söyləməyə əsas verir.

Azərbaycan Cüdo Federasiyasının il ərzindəki nailiyyətləri də göz qabağındadır. Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasına rəhbər seçildikdən sonra bu idman növündə yeni inkişaf mərhələsi başlamışdır. Gərgin əmək sayəsində görülən işlərin nəticəsi olaraq, cüdoçularımız Olimpiya oyunlarında, Avropa çempionatında və beynəlxalq turnirlərdə uğurla çıxış etmiş və ölkəmizə medallarla dönmüşlər.

Atılmış mühüm addımlardan sonra yola saldığımız ilin nəticələrini təhlil etdikdə, rəsmi beynəlxalq yarışlarda rekord sayda medalların və tarixi nailiyyətlərin qazanıldığını görürük. Belə ki, bu müddət ərzində böyüklər, gənclər və yeniyetmələrdən ibarət milli yığma komandalarımızın üzvləri iştirak etdikləri beynəlxalq səviyyəli yarışda 140 medal qazanıblar. Bunlardan 52-si qızıl, 29-u gümüş və 59-u bürünc medaldır.

Azərbaycan Cüdo Federasiyası mütəmadi olaraq cüdo üzrə bütün milli komandalarımızın yerli və beynəlxalq təlim-məşq toplanışlarını yüksək səviyyədə təşkil edir, cüdoçularımızın hazırlıq planı üzrə nəzərdə tutulan bütün beynəlxalq yarışlarda iştirakını təmin edir və onlara öz diqqət və qayğısını əsirgəmir.

Əlbəttə, bu yarışlardan ən mötəbəri Braziliyanın Rio de Janeyro şəhərində keçirilən 31-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan cüdoçuları Rio Olimpiadasında parlaq qələbələr qazanaraq, bizə iki final həyəcanı yaşadıblar. 73kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov və 100kq çəkidə yarışan Elmar Qasımov Olimpiya Oyunlarının gümüş medalına sahib olublar. Bu tarixi zəfərlərə imza atan hər iki cüdoçumuz və 2016-cı il Avropa çempionatının gümüş mükafatçısı Orxan Səfərov hal-hazırda öz çəkilərində bütün rəqiblərini qabaqlayaraq Beynəlxalq Cüdo Federasiyasının dünya reytinq cədvəlinə başçılıq edir. Bu, cüdo tariximizdə bir ilkdir. 2016-cı ildə həm də Avropa çempionu olan Rüstəm Orucov 3010 reytinq xalı toplayaraq dünyanın bütün cüdoçularından öndədir.

Rioda keçirilən 15-ci Paralimpiya Oyunları da Azərbaycan cüdoçuları üçün uğurlu olub. Paracüdoçumuz Ramil Qasımov (73kq) bütün rəqiblərinə qalib gələrək qızıl, Bayram Mustafayev (66kq) yalnız həlledici final görüşündə məğlub olaraq gümüş, Rövşən Səfərov isə Paralimpiadanın bürünc medalını qazanıb.

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi əsas milli komandamızla yanaşı gənc və yeniyetmə cüdoçularımızın da inkişaf perspektivlərinə böyük önəm verir. Gənc və yeniyetmə cüdoçularımız da ötən bu müddət ərzində Avropa birinciliyi kimi mötəbər yarışda böyük uğur qazanıblar. Gənclərdən ibarət milli komandamız İspaniyanın Malaqa şəhərində keçirilmiş Avropa birinciliyinin fərdi yarışlarında 2 qızıl medal qazanmaqla yanaşı, Azərbaycan cüdo tarixində ilk dəfə olaraq komanda yarışlarında finala yüksələrək gümüş medala layiq görülüb. Yeniyetmə cüdoçularımız isə Finlandiyanın Vantaa şəhərində baş tutmuş Avropa birinciliyini 2 qızıl və 1 bürünc medalla başa vurublar.İsraildə keçirilən U-23 Avropa çempionatında isə cüdoçularımız 1 qızıl və 1 bürünc medala sahib olublar.

Bununla yanaşı qabaqcıl məşqçilərimiz, hakimlərimiz və digər mütəxəssislərimiz müntəzəm olaraq beynəlxalq seminarlarda və təcrübə mübadiləsi proqramlarında iştirak edir, öz bilik və bacarıqlarını artırırlar. Sevindirici haldır ki, 2016-cı ildə iki ədalət təmsilçimiz – Mətin Rəhimli və Arzu Acalova İtaliyada təşkil olunan imtahandan uğurla keçərək beynəlxalq dərəcəli hakim adına layiq görülüblər.

Azərbaycanın veteran cüdo hərəkatı da diqqətdən kənarda qalmayıb. 2016-cı ildə Xorvatiyada keçirilən Avropa çempionatına və ABŞ-ın Mayami şəhərində təşkil edilən dünya çempionatına veteran cüdoçularımız ezam olunub və onlar vətənə 7 qızıl, 3 gümüş və 5 bürünc medalla qayıdıblar.

Ötən bu müddət ərzində respublika, regional və şəhər miqyaslı çempionat və birinciliklər də yüksək təşkilatçılıq səviyyəsi, iştirakçıların rekord sayı ilə yaddaqalan olub.

2016-cı ilin may ayında Bakıda keçirilən ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə "Böyük Dəbilqə” turniri ən yüksək səviyyədə təşkil olunub. Bu fakt Beynəlxal Cüdo Federasiyasından daxil olmuş ekspertlər qrupunun yekun hesabat protokolunda da öz əksini tapıb.

Bir xüsusi faktı da qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyasının Braziliyanın Rio de Janeyro şəhərində keçirdiyi konqresdə 2018-ci il dünya çempionatının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilib. Belə bir mötəbər yarışın ölkəmizə həvalə olunması Azərbaycan Cüdo Federasiyasının yüksək təşkilatçılığının və idmançılarımızın son vaxtlar əldə etdikləri zəfərlərin göstəricisidir”.

Qarşıdan gələn 2017-ci il cüdo yarışlarının mötəbərliyi ilə zəngindir. Paytaxt Bakıda yanvar ayında beynəlxalq hakimlər və məşqçilər seminarı, mart ayında "Böyük Dəbilqə” turniri, may ayında 4-cü İslam Həmrəyliyi Oyunları, apreldə Polşanın Varşava şəhərində Avropa çempionatı, avqust ayında Macarıstanın Budapeşt şəhərində dünya çempionatı, gənclər və yeniyetmələr arasında Avropa və dünya birincilikləri, Avropa Yeniyetmələrinin Olimpiya Festivalı keçiriləcək.İnanırıq ki, 2017-ci ildə də cüdoçularımız bu yarışlarda qazandıqları parlaq qələbələrlə xalqımzı sevindirəcəklər.

Sizlərin hər birini 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar diləyirəm!