Xəbərlər


“Neftçi İdman Klubu” ilin son turnirini keçirdi

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi işçiləri arasında ilin son turnirini təşkil etdi. Mini-futbol idman növü üzrə keçirilən və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan yarışda dörd qrupda olmaqla 14 komanda mübarizə aparırdı. "A” qrupunda "Bahar Enerji” Əməliyyat Şirkəti, "Bibiheybətneft” NQÇİ, "Mədəngeofizika” İdarəsi, Ekologiya İdarəsi, "B” qrupunda "Suraxanı Oyl” Əməliyyat Şirkəti, "Bos Şelf” MMC, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi, "Abşeronneft” NQÇİ, "C” qrupunda "Qaz İxrac” İdarəsi, Qaz Anbarlarının İstismarı İdarəsi, "28 May” NQÇİ, "D” qrupunda isə Nəqliyyat İdarəsi, Kəşfiyyat Geofizika İdarəsi və "Neftqaztikinti” Trestinin komandaları təmsil olunurdular.

Dekabrın 19-dan 23-dək davam edən mini-futbol turnirinin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də bu idman növünün kütləviləşməsinə köməklik göstərilməsi və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təntənəli qeyd edilməsi idi.

Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində təşkil olunan turnirdə finala Ekologiya və Nəqliyyat idarələrinin komandaları vəsiqə qazandılar. Yarış boyu daha üstün oyunu ilə azarkeşlərin rəğbətini qazanan "Nəqliyyat” komandası rəqibini 6:2 hesabı ilə məğlub etdi və turnirin qalibi adını qazandı. Ekologiya İdarəsi 2-ci, "Neftqaztikinti” Trestinin komandası isə 3-cü yeri tutdu.

Klubumuz "ən yaxşı qapıçı”, "ən yaxşı oyunçu” və "ən məhsuldar oyunçu” nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq Fuad Tağıyev ("Neftqaztikinti” Tresti), Samir Qarayev (Nəqliyyat İdarəsi) və Tural Həsənov (Ekologiya İdarəsi) layiq görüldülər.

1-ci, 2-ci və 3-cü yerləri tutmuş komandalara "Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri təqdim olundu. Nominasiya qalibləri də diplom və hədiyyələrlə mükafatlandırıldılar.