Xəbərlər


Cüdoçularımız ölkə çempionatının qalibi oldular

Bakı İdman Sarayında kişilər və qadınlar arasında keçirilən cüdo üzrə respublika çempionatına yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə gerçəkləşən və iki gün davam edən yarışda 48 komandanın tərkibində 366 idmançı (315 kişi, 51 qadın) qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri yarışda uğurla çıxış edərək 19 medala (5 qızıl, 7 gümüş, 7 bürünc) sahib olublar. Cüdoçularımızdan 66 kq çəki dərəcəsində mübarizə aparan Emin Həsənov və Əbdülhəqq Rəsullu (90 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu adını qazanıblar. Zərif cinsin nümayəndələri arasında təşkil olunan yarışda isə xanım idmançılarımızdan Nəzakət Əzizova (52 kq), Gülsədəf Kərimova (63 kq) və Kristina Jukovets (70 kq) eyni uğuru təkrarlayıblar.

Qeyd edək ki, Azərbaycan çempionatında inamla çıxış edən "Neftçi İdman Klubu”nun cüdoçuları komanda hesabında 1-ci yeri tutublar.

Qaliblərə medallar, fəxri diplomlar və pul mükafatları təqdim olunub.