Xəbərlər


Həsən Əliyev dünya üçüncüsü oldu

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçirilib.

"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Həsən Əliyev (71 kq) yarışda ölkəmizi layiqincə təmsil edib və dünya çempionatının bürünc medalına yiyələnib. Pəhləvanımız ardıcıl olaraq Xorvatiya, Gürcüstan və Belarus idmançıları üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə Moldova güləşçisi ilə gərgin keçən görüşdə 3:3 hesablı bərabərlik qeydə alınsa da, son xalı rəqib qazanıb. Həsən Əliyev isə bürünc medal uğrunda mübarizə aparmalı olub. Bu görüşdə Rusiya təmsilçisini məğlubiyyətə uğradan idmançımız dünya çempionatını üçüncü yerdə tamamlayıb.