Xəbərlər


“Qızıl Qran-pri”dən daha 3 medal

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinə yekun vurulub. 50-dən çox ölkədən 700-ə yaxın idmançının qatıldığı yarışın son günündə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib.

"Neftçi İdman Klubu”nun Azərbaycan yığmasının heyətində təmsil olunan yunan-Roma güləşçilərindən üçü mötəbər yarışın mükafatçıları arasında yer alıb. Pəhləvanlarımızdan 71 kq çəki dərəcəsində mübarizə aparan Həsən Əliyev və İslam Abbasov (85 kq) bütün görüşləri qələbə ilə başa vuraraq "Qızıl Qran-pri” turnirinin qızıl medallarına sahib olublar. Elvin Mürsəliyev (75 kq) isə yalnız final qarşılaşmasında məğlub olub və gümüş medala layiq görülüb.

Xatırladaq ki, turnirin ilk günü xalça üzərinə çıxan sərbəst güləşçilərimizdən Murad Süleymanov (74 kq) yarışın bürünc medalına yiyələnmişdi.