Xəbərlər


Yeniyetmə cüdoçularımız paytaxt birinciliyinin qalibi oldular

"Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən Bakı birinciliyinə yekun vurulub. İki gün davam edən yarışda 500-ə yaxın idmançı qalib adı uğrunda mübarizəyə qoşulub.

Yarışa 37 idmançı ilə qatılan "Neftçi İdman Klubu”nun cüdoçuları paytaxt birinciliyində böyük əzmkarlıq nümayiş etdiriblər və 4-ü qızıl, 1-i gümüş, 4-ü bürünc olmaqla ümumilikdə 9 medala yiyələniblər.

Oğlanlar arasında Rişad Xanlarzadə (90 kq) və Camal Feyziyev (+90 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız final görüşündə məğlub olan İbrahim Ağakişiyev (81 kq) gümüş, Şükran Zamanlı (46 kq), Murad İbrahimov (50 kq) və Davud Abbaslı (60 kq) isə bürünc medala layiq görülüblər.

Qızların mübarizəsində 52 kq çəki dərəcəsində çıxış edən Ülviyyə Bayramova və Cəmalə Muqumova (70 kq) bütün görüşlərdən qalib ayrılıblar və yarışın qalibi adını qazanıblar. Əsmər İsgəndərova (52 kq) isə paytaxt birinciliyini 3-cü yerdə başa vurub.

Qeyd edək ki, yeniyetmə cüdoçularımız ümumkomanda hesabında birinci yeri tutublar.