Xəbərlər


Cüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medala sahib olublar

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turniri başa çatıb. 34 ölkədən 157 idmançının (96 kişi, 61 qadın) mübarizə apardığı yarışa Azərbaycan yığması 12 cüdoçu ilə qatılıb.

Milli komandamızın üzvləri turnirdə uğurla çıxış ediblər və 3 medala (1 qızıl, 1 gümüş, 1 bürünc) yiyələniblər.

Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizə medal qazandıran cüdoçuların hər üçü "Neftçi İdman Klubu”nun təmsilçiləridir. Onlardan 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov yarışa dörddəbir final mərhələsindən qoşulub. Qazaxıstan idmançısı Aybek Serikbayevi və xorvatiyalı Zlatko Kumriçi məğlub edən cüdoçumuz finala yüksəlib. Həlledici görüşdə o, braziliyalı Lusiano Korrea üzərində qələbə qazanıb və mötəbər turnirin qızıl medalına layiq görülüb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rio de Janeyro Yay Olimpiya Oyunlarının mükafatçısı Rüstəm Orucov da mübarizəyə dörddəbir finaldan başlayıb. Bu mərhələdə onun rəqibi ilk qarşılaşmasında pakistanlı Nadeem Əkrəmə qalib gələn komanda yoldaşı Fəqan Quluzadə olub. Həmyerlimiz üzərində qələbə qazanan Orucov yarımfinalda yerli idmançı Viktor Skvortovdan üstün olub və finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada İsveç təmsilçisi Tommi Makiasa məğlub olan cüdoçumuz gümüş medala sahib olub.

90 kq çəkidə çıxış edən Tural Səfquliyev isə ilk görüşdə Seyşel adalarının təmsilçisi Nanteniana Finessini məğlub etsə də, növbəti rəqibi, serbiyalı Aleksandr Kukoljla bacarmayıb və təsəlliverici görüşə qatılıb. Cüdoçumuz bu mərhələdə Braziliya idmançısı Eduardo Bettoniyə, üçüncü yer uğrunda görüşdə isə almaniyalı Hannes Konnarda qalib gəlib və "Böyük dəbilqə”ni bürünc medalla başa vurub.

Cüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medala sahib olublarCüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medala sahib olublar