Xəbərlər


Stolüstü tennis üzrə Azərbaycan kuboku sona çatıb

"Şüa” İdman-Sağlamlıq Kompleksində gənclər və yeniyetmələr arasında (1999-2001-ci il, 2002-ci il və daha kiçik təvəllüdlü) təşkil olunan stolüstü tennis üzrə Azərbaycan kuboku başa çatıb. Şəxsi-komanda xarakteri daşıyan yarışda Bakı və Sumqayıt şəhərlərindən, eləcə də respublikanın müxtəlif bölgələrindən 130-a yaxın idmançı mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri hər iki yaş qrupu üzrə yarışda iştirak ediblər. 2002-ci il təvəllüdlü və daha azyaşlılar arasında qızlardan və oğlanlardan ibarət komandalarımız 3-cü yeri tutublar. Şəxsi yarışlarda da tennisçilərimiz uğurlu çıxışlarını davam etdiriblər. Qızların qoşa yarışında Zemfira Mikayılova və Aysu Rəsulzadədən ibarət cütlük bürünc medala sahib olub. Oğlanlar arasında keçirilən qoşa yarışlarında Rəşad Tahirov – Məhəmməd Qardaşov cütlüyü eyni uğuru təkrarlayıb. Qarışıq-qoşa yarışında isə Zemfira Mikayılova və İbrahim Ansaridən ibarət cütlük Azərbaycan kubokunun qalibi adını qazanıb.

1999-2001-ci illər təvəllüdlü idmançıların mübarizəsində Zemfira Mikayılova – Aliyə Haşımova cütlüyü qızların qoşa yarışının gümüş medalına layiq görülüb. Qarışıq-qoşa yarışlarında isə Zemfira Mikayılova və İbrahim Ansaridən ibarət cütlük də ölkə kubokunun ikinci pilləsində qərarlaşıb.