Xəbərlər


"Neftçi İdman Klubu"nun idmançısı İspaniyada birinci oldu

İspaniyanın San-Sebestyan şəhərində gənclər arasında kik-boksinq üzrə Avropa birinciliyi başa çatıb. Yarışda qitənin ən güclü gənc kik-boksçuları ilə yanaşı Azərbaycan milli komandası da mübarizə aparıb. Avropa birinciliyində millimizin heyətində "Neftçi İdman Klubu"nun 10 üzvü - Zəlimxan Süleymanov, Zayal Əliyev, Çingiz Əhmədzadə, Qiyas Şahmərdanov, Nəcməddin Məmmədzadə, Kamran Bayramov, Məqsəd Hacıyev, Elvin Məhərrəmov, Rauf Gərayzadə və Elmir Süleymanov yer alıb. Azərbaycan idmançıları nəticədə 8 medal qazanaraq mötəbər yarışı uğurla başa vurublar. Sevindirici haldır ki, bu medallardan 6-nı "Neftçi İdman Klubu"nun yetirmələri qazanıb. 51 kq çəki dərəcəsində yarışan Çingiz Əhmədzadə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. 75 kq çəkidə mübarizə aparan Elmir Süleymanov yalnız finalda uduzaraq gümüş medal qazanıb. "Neftçi İdman Klubu"nun daha 4 üzvü - Nəcməddin Məmmədzadə, Elvin Süleymanov, Qiyas Şahmərdanov və Kamran Bayramov Avropa birinciliyini 3-cü yerdə başa vurublar. Beləliklə, baş məşqçi Ehram Məcidovun yetirmələri bu il "Neftçi İdman Klubu"na Respublika Kubokunu qazandırdıqdan sonra, Avropa birinciliyini də zəfərlə başa vurublar.