Xəbərlər


Karateçilərimiz Bolqarıstanda uğurla çıxış etdilər

Bolqarıstanın Burqas şəhərində SKDUN karate do üzrə dünya çempionatı keçirilib. 55 ölkədən 1000-dən çox idmançının mübarizə apardığı yarışa ölkəmiz 10 karateçi ilə qatılıb.

Çempionatda respublikamızı təmsil edən atletlərdən beşi "Neftçi İdman Klubu”nun yetirmələri olub. Onlardan Sədi Namazov (21-39 yaş, 85 kq) kata yarışlarında dünya çempionu adını qazanıb, kumitedə isə 3-cü pillədə qərar tutub. Eyni yaş qrupunda Cavid Namazov (87 kq) və Həsən Quliyev (+87 kq) kumite yarışlarında bürünc medala layiq görülüblər. Klubun digər karateçisi Əziz Abbasov (16-17 yaş, 60 kq) isə kumite yarışında dünya çempionatının qızıl medalına yiyələnib.

Qeyd edək ki, Sədi Namazov, Cavid Namazov və Həsən Quliyevin də təmsil olunduğu komanda yarışlarında yığmamız əzmlə mübarizə apararaq liderliyə yüksəlib.