Xəbərlər


Pauerliftinqçilərimiz ölkə kubokunu 3 medalla başa vurdular

Sentyabrın 24-də AAAF Park Yaşayış Kompleksinin idman zalında startı verilmiş pauerliftinq üzrə Azərbaycan kubokuna yekun vurulub. Yarışda respublikanın müxtəlif bölgələrindən 15 komandanın tərkibində 100-dən çox qadın və kişi atlet qalib adı uğrunda mübarizə aparıb.

Yarışın əsas məqsədi ölkənin ən güclü pauerliftinqçilərinin adına aydınlıq gətirməklə yanaşı, həm də noyabrda ABŞ-ın Nyu-Orlean şəhərində keçiriləcək dünya kubokuna hazırlıq və ən yaxşıların seçilməsi idi.

"Neftçi İdman Klubu”nun turnirdə qüvvəsini sınamış atletlərindən üçü mükafatçılar arasında yer alıb. Onlardan Pərviz Quliyev (67,5 kq) 385 kq ağırlığın öhdəsindən gələrək qalib adını qazanıb. Elşən Abduraxmanov (52 kq) isə 250 kq nəticə ilə eyni uğura imza atıb. Zərif cinsin nümayəndələri arasında təşkil olunan yarışda təmsilçimiz Tubuxanım Aslanova (52 kq) 120 kq ağırlığı ram edib və gümüş medala layiq görülüb.