Xəbərlər


Hərbçilərin dünya çempionatından daha 2 medal

Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatına yekun vurulub.

"Neftçi İdman Klubu”nun güləşçiləri dünya çempionatının daha iki medalına sahib olublar. Yarışın son günlərində yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar. Klubun təmsilçilərindən Həsən Əliyev (71 kq) finala qədər maneəsiz irəliləyib. Həlledici görüşdə o, Rusiya idmançısı Adam Kurak üzərində qələbə qazanaraq dünya çempionu adına layiq görülüb. 85 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Birinci yer uğrunda görüşdə güləşçimiz rusiyalı Yevgeni Sazayevə məğlub olub və gümüş medala yiyələnib.

Xatırladaq ki, çempionatın ilk günlərində yarışmış sərbəst güləşçilərimizdən Ağahüseyn Mustafayev (65 kq) qızıl, Əşrəf Əliyev (74 kq) isə bürünc medal qazanmışdı.

Qeyd edək ki, dörd qitəni təmsil edən 35 ölkədən 300-dən çox idmançının qatıldığı mötəbər yarışda Azərbaycan yığması 9 medal qazanıb və komanda hesabında ikinci yeri tutub.