Xəbərlər


Güləşçilərimiz hərbçilərin dünya çempionatında iki medala sahib oldular

Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında "Neftçi İdman Klubu”nun iki təmsilçisi mükafatçılar arasına düşməyə müvəffəq olub. Şəhərin ən böyük idman arenalarından olan Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının himayəsi altında keçirilən yarışda klubumuzun sərbəst güləşçisi Ağahüseyn Mustafayev (65 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə idmançımız Şimalı Koreya təmsilçisi Gvang Kinlə üzə-üzə gəlib. Rəqibinə 8:5 hesabı ilə qalib gələn Ağahüseyn Mustafayev dünya çempionatının qızıl medalına sahib olub.

Klubun digər sərbəst güləşçisi Əşrəf Əliyev (74 kq) isə çempionatın bürünc medalına layiq görülüb. Pəhləvanımız üçüncü yer uğrunda görüşdə Hindistan idmançısı üzərində 2:0 hesabı ilə qələbə qazanıb.