Xəbərlər


Cüdoçularımız paytaxt birinciliyinin qalibi oldular

"Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək gənc cüdoçular arasında Bakı şəhər açıq birinciliyi keçirilib. Yarışda 22 komandanın tərkibində 208 cüdoçu qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun cüdoçuları paytaxt birinciliyində rəqiblərindən aşkar üstünlükləri ilə seçiliblər. Təmsilçilərimiz yarışın 11 medalına (3 qızıl, 2 gümüş, 6 bürünc) sahib çıxıblar və ümumi komanda hesabında 1-ci yeri tutublar.

İdmançılarımızdan İbrahim Əliyev (66 kq), Kərim Məmmədov (73 kq) və Ülviyyə Bayramova (52 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final mərhələsində məğlub olan Davud Abbaslı (60 kq) və Əli Nuriyev (66 kq) birinciliyin gümüş medalına layiq görülüblər. Digər gənc cüdoçularımız Ağabəy Ağazadə (60 kq), Şamil Rəcəbli (66 kq), Abdulla İsmayılov (100 kq), Camal Feyziyev (+100 kq), Aytac Quluzadə (48 kq) və Cəmalə Muqumova (70 kq) isə yarışın bürünc medalları ilə kifayətləniblər.