Xəbərlər


Paralimpiyaçı taekvondoçularımız Varşavadan 7 medalla döndülər

Polşanın paytaxtı Varşavada paralimpiyaçılar arasında taekvondo üzrə Avropa çempionatı keçirilib. 32 ölkədən 120-dən çox idmançının qalib adı uğrunda mübarizəyə qoşulduğu yarışda milli komandamız 11 taekvondoçu ilə təmsil olunub.

Azərbaycan yığma komandası qitə birinciliyini yüksək nailiyyətlə başa vurub. Paralimpiyaçılarımız yarışın 9 medalını (2 qızıl, 3 gümüş, 4 bürünc) qazanıblar ki, onlardan da 7-nə "Neftçi İdman Klubu”nun taekvondoçuları sahib olublar. Klubun yetirmələrindən Nicat Müslümov (75 kq) və Aleksandr Polişuk (+75 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Avropa çempionu olublar. Yalnız finalda məğlub olan Şəhmir İbadov (61 kq) və Röyalə Fətəliyeva (58 kq) gümüş, Anar Hüseynov (61 kq), Əbülfəz Abuzərli (75 kq) və Aynur Məmmədova (+58 kq) isə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, çempion olmuş idmançımız Nicat Müslümov yarışın "ən dəyərli kişi taekvondoçusu” kimi xüsusi mükafata layiq görülüb.