Xəbərlər


Neftçi İdman Klubunun güləşçiləri dünya birinciliyindən 8 medal qazandılar

Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya birinciliyinə yekun vurulub.

Gənc qızlar arasında təşkil olunan yarışın sonuncu günü meydana çıxan "Neftçi İdman Klubu"nun təmsilçisi Səbirə Əliyeva (72 kq) finala qədər maneəsiz irəliləyib. Həlledici mərhələdə Yaponiya idmançısı Rino Obeyə məğlub olan güləşçimiz dünya birinciliyinin gümüş medalına layiq görülüb.

Ümumilikdə 2 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olan xanım güləşçilərimiz komanda hesabında 47 xal toplayaraq Yaponiyadan (66 xal) sonra 2-ci yeri tutublar. 47 xal toplamış Rusiya komandası isə medalların əyarına görə 3-cü pillədə qərarlaşıb.

Sərbəst güləşçilərin yarışında klubumuzun 55 kq çəki dərəcəsində mübarizə aparan yetirməsi Mahir Əmiraslanov finalda hindistanlı Ravi Kumara heç bir şans verməyib və dünya çempionluğunun sevincini yaşayıb. Arif Hüseynov (50 kq) isə Yaponiya və Qırğızıstan idmançılarına qalib gəlsə də, yarımfinalda iranlı güləşçiyə uduzub. Bürünc medal uğrunda Ermənistan təmsilçisi Razmik Misakyanla üz-üzə gələn Hüseynov rəqibinə 4:2 hesabı ilə qalib gəlib və dünya üçüncüsü olub.

Beləliklə, "Neftçi İdman Klubu"nun gənc güləşçilərinin Braziliyada keçirilən dünya birinciliyində əldə etdikləri medalların sayı 8-ə çatıb. Xatırladaq ki, yarışın əvvəlki günlərində klubumuzun yunan-Roma güləşçilərindən Murad Məmmədov qızıl, İslam Abbasov və Kərim Cəfərov gümüş, Ruhin Mikayılov bürünc, qızlardan isə Türkan Nəsirova qızıl medal qazanmışdı.