Xəbərlər


Cüdoçularımız Avropa birinciliyində böyük uğura imza atdılar

İspaniyanın Malaqa şəhərində gənclər arasında təşkil olunan cüdo üzrə Avropa birinciliyinə yekun vurulub. 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı yarışda Azərbaycan yığma komandası 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunmuşdu.

Milli komandamızın üzvlərindən Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) əzmlə mübarizə apararaq Avropa çempionu adını qazanıblar. Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, bu cüdoçuların hər ikisi "Neftçi İdman Klubu”nun yetirmələridir. 55 kq çəkidə çıxış edən Natiq Qurbanlı finala qədər maneəsiz irəliləyib. Bu yolda o, Türkiyə təmsilçisi Oğuzhan Qaracanı, macarıstanlı Daniel Monorini və gürcüstanlı İrakli Kupatadzeni məğlub edib. Həlledici final görüşündə Rusiya cüdoçusu Ali Pafovla üz-üzə gələn Qurbanlı bu rəqibi üzərində də qələbə qazanıb və qitə birinciliyinin qızıl medalına sahib olub. 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov da eyni uğuru təkrarlayıb. Cüdoçumuz rumıniyalı Aleksandru Raicu, Polşa idmançısı Tomasz Czerniaşski, britaniyalı Danile Povel və kosovalı Akil Gjakova üzərində qələbə qazanaraq finala vəsiqəni təmin edib. Həlledici mərhələdə gürcüstanlı Giorgi Katsiaşvilini də məğlub edən Hidayət Heydərov Avropa çempionu tituluna yiyələnib.

Yarışın sonuncu günü komanda yarışları təşkil olunub. Klubumuzun yetirmələrinin də təmsil olunduğu Azərbaycan yığması bu mötəbər yarışda tarixi uğura imza atıb. Gənc cüdoçularımız əvvəlcə Böyük Britaniya, sonra isə Ukrayna yığmasını məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Hollandiya cüdoçuları üzərində inamlı qələbə qazanan millimiz tarixində ilk dəfə olaraq Avropa birinciliyinin komanda yarışlarının finalında iştirak etmək hüququ əldə edib. Yığma komandamızın finaldakı rəqibi Gürcüstan millisi olub. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada millimiz güclü rəqibinə 2:3 hesabı ilə məğlub olaraq komanda yarışlarında Avropa birinciliyinin gümüş medalına sahib olub.