Xəbərlər


Spartakiadanın qaliblərinə mükafatlar təqdim olundu

Xəbər verdiyimiz kimi, sentyabrın 5-də startı verilmiş neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadasına yekun vurulub. 29 müəssisədən 1241 iştirakçının qatıldığı spartakiadada Heydər Əliyev adına Neft Emalı Zavodu ümumi komanda hesabında qalib adını qazanıb. Neft Kəmərləri İdarəsi 2-ci, Nəqliyyat İdarəsi isə 3-cü yeri tutub.

Bu gün "Neftçi İdman Klubu”nun inzibati binasının akt zalında qaliblərin mükafatlandırılması mərasimi keçirildi. İlk öncə klubun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış edərək qalibləri qazandıqları qələbələr və qarşıdan gələn neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü) münasibətilə idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından təbrik etdi. O, çıxışına belə davam etdi: "Bilirsiniz ki, bu il Olimpiya ilidir. Klubumuzun beş idmançısı Rio Olimpiadasında böyük uğura imza atdı və mükafatçılar arasında yer aldı. Rəhbərlik olaraq, olimpiadayla bağlı vaxtımız məhdud olsa da, çalışdıq ki, spartakiadanı da mümkün qədər maraqlı keçirək”. Növbəti il bu tədbirin daha yüksək səviyyədə təşkil olunacağını söyləyən klub rəsmisi tədbir iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar dilədi. Sonra "Neftçi İdman Klubu”nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov spartakiadanın gedişatı ilə bağlı geniş məlumat verdi. O, spartakiadanın ildən-ilə təkmilləşməsindən və daha yüksək səviyyədə təşkil olunmasından söhbət açdı: "Əziz neftçilər! Spartakiadanın bu səviyyədə keçirilməsində klubumuzla bərabər, sizlər də böyük pay sahibisiniz. Ona görə ki, sizin yarışlarda aktiv iştirakınız, bəzən baş verən nöqsanlardan bizləri vaxtında xəbərdar etməniz sayəsində tərəfimizdən dərhal həmin neqativ hallar aradan qaldırılır və təbii ki, bu da ümumi işimizin mənafeyinə xidmət edir. Məncə, biz hədəfimizə çatdıq”. Sonda o, bütün spartakiada iştirakçılarına yarışboyu göstərdikləri fəallığa görə dərin minnətdarlığını bildirdi, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı və qalibləri təbrik etdi.

Sonra qaliblərin mükafatlandırılmasına başlanıldı və kuboklar sahiblərinə təqdim olundu.

Sonda çıxış edən nümayəndələr spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə "Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivinə bütün yarış iştirakçıları adından minnətdarlıqlarını bildirdilər.

Spartakiadanın qaliblərinə mükafatlar təqdim olunduSpartakiadanın qaliblərinə mükafatlar təqdim olunduSpartakiadanın qaliblərinə mükafatlar təqdim olundu
Spartakiadanın qaliblərinə mükafatlar təqdim olundu
Spartakiadanın qaliblərinə mükafatlar təqdim olundu
Spartakiadanın qaliblərinə mükafatlar təqdim olundu