Xəbərlər


Neftçi İdman Klubunun yetirməsi Türkan Nəsirova dünya birinciliyinin qalibi oldu

Braziliyada gənclər arasında keçirilən güləş üzrə dünya birinciliyi davam edir. Yarışların üçüncü günü döşək üzərinə qadın güləşçilər çıxıblar. Azərbaycan yığma komandasının iki üzvü qızıl, bir üzvü isə bürünc medala sahib olub.

"Neftçi İdman Klubu”nun yetirməsi Türkan Nəsirova bütün rəqiblərinə qalib gələrək dünya birinciliyinin qızıl medalını qazanıb. 44 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova finalda Yaponiya güləşçisi Rina Okunonu 5:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu "Neftçi İdman Klubu”nun Cənubi Amerikada keçirilən dünya birinciliyində qazandığı 5-ci medaldır. Yarışların ilk iki günündə klubumuzun güləşçiləri – Murad Məmmədov qızıl, İslam Abbasov və Kərim Cəfərov gümüş, Ruhin Mikayılov isə bürünc medala sahib olmuşdular.