Xəbərlər


“Qaradağ Lökbatan” “Energetik”i də darmadağınla məğlub etdi

Futbol üzrə Azərbaycan I Divizionunda ikinci turun oyunları keçirilib.

"Qaradağ Lökbatan” komandası bu tur çərçivəsində Mingəçevir "Energetik”inin qonağı olub. Mövsümün ilk matçında vurduğu beş qolla fərqlənən komandamız bu dəfə 4:0 hesablı qələbə qazanıb. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda təşkil olunan qarşılaşmada futbolçularımız özlərini heç də qonaq kimi aparmayıblar. Start fitindən dərhal sonra oyuna nəzarəti ələ alan "Qaradağ Lökbatan” 28-ci dəqiqədə Rüfət Məmmədovun vurduğu qolla önə keçib – 1:0. Cəmi on dəqiqə sonra Məhəmməd Xəlilovun fərqlənməsi sayəsində hesab 2:0 olub. Bundan sonra oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Hücumlarını davam etdirən futbolçularımız oyunun əsas hissəsinə əlavə olunmuş vaxtda rəqibi daha iki dəfə məyus ediblər. Artırma dəqiqələrində Bəxtiyar Soltanov (90+1) və Aydın Qasımovun (90+2) vurduğu qollar sayəsində hesab 4:0-a yüksəlib. Matç elə bu hesabla da başa çatıb.

İki oyundan 6 xal toplamış "Qaradağ Lökbatan” komandası hazırda turnir cədvəlinə liderlik edir.