Xəbərlər


Rio Paralimpiadası davam edir

Braziliyanın Rio de Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.

"Neftçi İdman Klubu”nun daha bir təmsilçisi bu mötəbər yarışın medalına yiyələnib. Üzgüçümüz Dmitri Saley üçüncü dəfə qüvvəsini sınayaraq ölkəmizə növbəti gümüş medalı qazandırıb. O, 200 metr məsafəyə kompleks üzmə yarışının finalında 1:08.80 saniyə nəticə göstərərək ikinci yeri tutub.

Xatırladaq ki, paralimpiyaçımızın qoşulduğu təsnifat mərhələsində finaladək on bir üzgüçü iki qrupda mübarizə aparıb. İkinci qrupda yarışan Dmitri Saley məsafəni 1:08.68 saniyəyə qət edərək birinci olub. Bununla da final mərhələsinə vəsiqə qazanan üzgüçümüz yarımfinalda ikinci ən yaxşı nəticəni göstərib. Bundan əvvəl o, 200 metrə kompleks üzmə yarışında dördüncü, 100 metr məsafəyə batterflay növündə isə beşinci pillədə qərar tutub.

Qeyd edək ki, daha öncə klubun cüdoçularından Ramil Qasımov (73 kq) qızıl, Bayram Mustafayev (66 kq) gümüş və Rövşən Səfərov (81 kq) bürünc, atletika yarışlarında isə Kamil Əliyev gümüş medallara sahib olmuşdu.

Sevindirici haldır ki, paralimpiya yığmamızın indiyədək əldə etdiyi səkkiz medaldan beşi "Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur.