Uğurlar

Hesabat

 

 

"Neftçi İdman Klubu” 2022-ci ildə böyük

uğurlara imza atıb


 

 

Respublikamızın müstəqillik qazanmasından ötən qısa müddət ərzindəözümüzü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq edə bilmişik. İqtisadi cəhətdən sürətlə inkişaf etməkdə olan dövlətimizin göstərdiyi qayğı sayəsində Azərbaycan idmanı da yüksək inkişaf səviyyəsinə çatıb. Son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən nəhəng işlər bizləri sevindirməyə bilməz. Bu gün paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir ki, bunlar da yüksək səviyyəli idmançıların hazırlanması üçün münbit şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Məhz dövlətin, Milli Olimpiya Komitəsinin diqqət və qayğısı sayəsində həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsində Azərbaycan ümumdünya olimpiyaçılar ailəsində böyük nüfuz sahibi olub. Ölkəmizin beynəlxalq aləmdə qazandığı inam sayəsində müxtəlif səviyyəli mötəbər yarışların respublikamızda keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər bunun açıq təzahürüdür.

"Neftçi İdman Klubu” bu sahədə dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edib və bu gün də öz işini uğurla davam etdirir. Klubumuz mütəmadi olaraq neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.

Geriyə boylansaq, 2022-ci ildə klubumuzun çoxsaylı uğurlar qazandığının şahidi olarıq. İl ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 26 növü üzrə 102 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.

Yola saldığımız ildə "Neftçi İdman Klubu”nun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm işlər görülüb. Bu müddət ərzində həmin işçilər arasında klubumuz tərəfindən voleybol (20 Yanvar şəhidlərinin xatirəsinə və 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş turnirlər), minifutbol (28 May - Müstəqillik Gününə və Neftçilər gününə həsr olunmuş turnirlər), «Atam, anam və mən» (1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) və piyada turizm üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil olunub ki, bu yarışlarda da mindən artıq insan iştirak edib. Respublikamızda idmanın kütləviləşməsi, sağlam gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli qeyd olunanı isə 20 sentyabr – Neftçilər gününə həsr olunmuş SOCAR-2022 minifutbol turniri olub. SOCAR-ın dəstəyi, "Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi işçiləri arasında keçirilən və avqustun 13-dən sentyabrın 24-dək davam edən SOCAR-2022 mini-futbol turnirində 32 komandanın tərkibində 400-ə yaxın neftçi iştirak edib.

Qeyd edək ki, ölkədə mövcud olan koronavirus pandemiyası səbəbindən bu yarışların ən kütləvisi olan spartakiada təxirə salınıb.

Böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlara nail olunub.

Yola saldığımız ildə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində cüdo, yunan-Roma güləşi, akrobatika, sərbəst güləş, minifutbol və şahmat idman növləri üzrə "Neftçi İdman Klubu”nun açıq birincilikləri təşkil olunub ki, bu yarışlarda da yüzlərlə idmançı medallar uğrunda mübarizə aparıb.

Respublikamız müstəqillik əldə etdikdən indiyə qədər idmançılarımız bütün olimpiadalarda iştirak edərək ölkəmizə medallarla dönüblər. Klubun yetirmələri bu il də yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin V İslam Həmrəyliyi Oyunları və nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr əldə ediblər. Yola salmaqda olduğumuz il ərzində idmançılarımız böyük əzmkarlıq nümayiş etdirərək 933 medala sahib olublar ki, onlardan da 335-i qızıl, 262-si gümüş, 336-sı isə bürüncdür. Bu medallardan 46-sı (12 qızıl, 16 gümüş, 18 bürünc) dünya çempionatlarında, 93-ü (31 qızıl, 22 gümüş, 40 bürünc) Avropa çempionatlarında, 23-ü (14 qızıl, 6 gümüş, 3 bürünc) V İslam Həmrəyliyi Oyunlarında, 5-i (4 qızıl,1 gümüş) isə IV Dünya Köçəri Oyunlarında əldə olunub.

Avqust ayında Türkiyənin Konya şəhərində keçirilən və 54 ölkədən 4 mindən çox atletin idmanın 24 növü üzrə mübarizə apardığı V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 99 medal qazanıblar ki, onlardan da 23-ü "Neftçi İdman Klubu”nun təmsilçilərinə məxsusdur. Bu medallardan 12-si qızıl, 6-sı gümüş, 5-i isə bürüncdür.
Qızıl medallara Hacı Əliyev, Turan Bayramov (hər ikisi sərbəst güləş), Eldəniz Əzizli, Həsrət Cəfərov (hər ikisi yunan-Roma güləşi) və Balabəy Ağayev (cüdo) sahib olublar. Ülvü Qənizadə, Murad Məmmədov, Sənan Süleymanov (hamısı yunan-Roma güləşi), Nəriman Mirzəyev, Könül Əliyeva (hər ikisi cüdo), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) gümüş, Telman Vəliyev (cüdo), Səbinə Kərimova (qılıncoynatma) və Ramiz Məmmədov (kikboksinq) isə bürünc medala layiq görülüblər.
Əldə olunan medallardan doqquzunu isə idmançılarımız komanda yarışlarında qazanıblar.

Oktyabrda Türkiyənin Bursa vilayətinin İznik rayonunda "Ənənələrdən gələcəyə birlikdəyik!” şüarı altında keçirilən IV Dünya Köçəri Oyunlarında "Neftçi İdman Klubu”nun Azərbaycan komandasının heyətində yer alan təmsilçiləri inamla mübarizə aparıblar və 5 (4 qızıl, 1 gümüş) medal əldə ediblər. 102 ölkədən 3 mindən çox idmançının medallar uğrunda mübarizə apardığı turnirdə klubumuzun yetirmələrindən Camal Feyziyev koreş güləşi yarışında mutləq cəkidə qızıl medala yiyələnib. Əbulfəz Nəsirov (70 kq) pəhləvan güləşi, Emil Həsənov (80 kq) Qazax güləşi, Aslan Mirzəyev (+90 kq) isə aba güləşi yarışında eyni uğuru təkrarlayıb. Digər təmsilçimiz Ceyhun Hüseynov (99 kq) isə aba güləşi yarışında gümüş medala layiq görülüb.

Yola saldığımız ildə ən böyük uğura yenə də klubumuzun güləşçiləri və cüdoçuları imza atıblar. Yuxarıda bu idman növlərində təmsilçilərimizin V İslam Həmrəyliyi Oyunları və IV Dünya Köçəri Oyunlarındakı nailiyyətlərini qeyd etdik. Onların 2022-ci il ərzində bəzi mötəbər yarışlarda əldə etdikləri uğurlardan bir neçəsinə də nəzər yetirək.

Mart ayında Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında "Neftçi İdman Klubu"nun yetirmələri uğurla çıxış edərək 3 medala sahib olublar. Yunan-Roma güləşçilərimizdən Xasay Həsənli (77 kq) qızıl, Sərxan Məmmədov (130 kq) isə bürünc medala yiyələnib. Sərbəst güləşçimiz İslam İlyasov (97 kq) isə qitə çempionatının qalibi olub.

Elə həmin ay Macarıstanın paytaxtı Budapeştdə startı verilmiş güləş üzrə Avropa çempionatında klubumuzun Azərbaycan millisinin heyətində yer alan güləşçiləri böyük əzmkarlıq nümayiş etdirərək nüfuzlu yarışın 7 medalına (1 qızıl, 2 gümüş, 4 bürünc) sahib olublar. Sərbəst güləşçilərimizdən turnirin reytinq favoriti olan, üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev (65 kq) gümüş, Turan Bayramov (74 kq) isəbürünc medal qazanıb. Yunan-Roma güləşçiləri arasında Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Ülvü Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) isə bürünc medal əldə ediblər.

İyunda Rumıniyanın paytaxtı Buxarestdə on yeddi yaşadək güləşçilər arasında təşkil olunan Avropa birinciliyində "Neftçi İdman Klubu”nun yetirmələri əzmlə mübarizə apararaq 4 medala (2 qızıl, 1 gümüş, 1 bürünc) sahib olublar. Güləşçilərimizdən İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq Avropa çempionu adını qazanıblar. Yalnız final görüşündə məğlubiyyət acısı yaşayan Ağa Qasımov (60 kq) gümüş medala layiq görülüb. Yetmiş bir kiloqram çəkidə çıxış edən Ağanəzər Novruzov isə nüfuzlu yarışı üçüncü yerdə başa vurub.

İyunun axırı, iyulun əvvəlində İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa birinciliyində yunan-Roma güləşçilərimizdən Nihad Quluzadə (55 kq) qızıl, Nihat Məmmədli (60 kq) və Kənan Abdullazadə (67 kq) isə bürünc medala sahib olublar. Sərbəst güləşçi Sabir Cəfərov (70 kq) isə qitə birinciliyinin gümüş medalına layiq görülüb.

İyulda Xorvatiyanın paytaxtı Zaqrebdə 15 yaşadək güləşçilər arasında təşkil olunan Avropa birinciliyində "Neftçi İdman Klubu”nun yığmamızın heyətində təmsil olunan yunan-Roma güləşçisi Cavad Məmmədov mükafata layiq görülüb. Altmış iki kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız mötəbər yarışın bürünc medalına sahib olub.

Elə həmin ay İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya birinciliyində klubumuzun Azərbaycan millisinin heyətində yer alan sərbəst güləşçisi İlyas İsayev (65 kq) böyük uğura imza atıb. O, inamla mübarizə apararaq bütün rəqiblərinə qalib gəlib və dünya çempionu titulunu qazanıb. Ağanəzər Novruzov (71 kq) isə mundialın bürünc medalına yiyələnib.

Avqustda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən iyirmi yaşadək güləşçilər (U-20) arasında dünya birinciliyində də təmsilçilərimiz yüksək nailiyyət əldə ediblər. Belə ki, yunan-Roma güləşçilərimizdən 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihad Quluzadə və Kənan Abdullazadə (67 kq) bütün görüşləri qələbə ilə başa vuraraq dünya çempionu tituluna sahib olublar. Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşçimiz Zirəddin Bayramov (65 kq) isə dünya birinciliyinin gümüş medalına layiq görülüb.

Sentyabr ayında "Neftçi İdman Klubu”nun təmsilçisi Fərid Cabbarov Rumıniyanın Konstantsa şəhərində təşkil olunan çimərlik güləşi üzrə U-20 dünya birinciliyində uğurla çıxış edib. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb.

Həmin ay Özbəkistanın Nəmənqan şəhərində sərbəst və klassik stildə keçirilən kəmər güləşi üzrə dünya cempionatında klubun təmsilçisi Camal Feyziyev (+100 kq) iki medala yiyələnib. İdmançımız həm klassik, həm də sərbəst stildə bürünc medallara sahib olub.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi sentyabrda Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya çempionatında böyük uğura imza atıb. Belə ki, mundialda 9 idmançı ilə təmsil olunan yığmamız yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub. Qeyd edək ki, yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) isə bürünc medal qazanıblar. Qürurverici haldır ki, dünya çempionatında mükafata layiq görülmüş bu beş pəhləvanın hamısı "Neftçi İdman Klubu”nun təmsilçiləridi.

Oktyabr ayında İspaniyanın Pontevedra şəhərində iyirmi üç yaşadək (U-23) güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan millisinin heyətində təmsil olunan güləşçilərimiz mundialın 3 medalına (2 gümüş, 1 bürünc) sahib olublar. Yunan-Roma güləşçilərimizdən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) mötəbər yarışın gümüş medalını qazanıblar. Sərbəst güləşçilərimizdən isə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam İlyasov dünya çempionatının bürünc medalına layiq görülüb.

Nəhayət, dekabr ayında Bakı İdman Sarayında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında da pəhləvanlarımız uğurlu çıxışları ilə yadda qalıblar. "Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri yarışda əzmlə mübarizə apararaq 17 medal (2 qızıl, 7 gümüş, 8 bürünc) qazanıblar. Qeyd edək ki, "Neftçi İdman Klubu” ümumkomanda hesabında yarışın qalibi olub. Bu, klubumuzun yunan-Roma güləşçilərinin 1997-ci ildən indiyədək böyüklər arasında 23-cü çempionluğudur. Sərbəst güləşçilərimiz də bu uğuru davam etdirərək yarışda 12 medal (6 qızıl, 2 gümüş, 4 bürünc) qazanıblar və komanda hesabında birinci yeri tutublar.

Bu il "Neftçi İdman Klubu"nun cüdoçuları da uğurlu çıxışlarını davam etdiriblər. Aprel ayında Bolqarıstanın paytaxtı Sofiyada startı verilmiş cüdo üzrə Avropa çempionatında klubumuzun yığma komandanın heyətində yer alan təmsilçiləri böyük əzmkarlıq nümayiş etdirərək 1 qızıl və 1 bürünc medala sahib olublar. Qırx ölkədən 300-dən çox idmançının qatıldığı qitə çempionatında Hidayət Heydərov (73 kq) karyerasında ikinci dəfə Avropa çempionu olub. Eyni çəki dərəcəsində çıxış edən Rüstəm Orucov və Məmmədəli Mehdiyev(90 kq) isə nüfuzlu yarışın bürünc medalına layiq görülüblər.

İyunda Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmə cüdoçuların Avropa birinciliyində klubun təmsilçisi Fidan Əlizadə mükafata layiq görülüb. Qızlar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün görüşləri qələbə ilə başa vuraraq Avropa çempionu olub. Digər xanım idmançımız Aydan Vəliyeva (48 kq) isə gümüş medala sahib olub.

Cüdoçularımız iyul ayında Slovakiyanın Banska Bistritsa şəhərində təşkil olunan Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında (EYOF) 5 medala (1 qızıl, 3 gümüş, 1 bürünc) yiyələniblər. Təmsilçilərimizdən Fidan Əlizadə (57 kq) qızıl, Nurlan Kərimli (60 kq), İsmayıl Zamanov (81 kq) və Könül Əliyeva (48 kq) gümüş medala layiq görülüblər. Klubumuzun digər yetirməsi Aydan Vəliyeva (52 kq) isə nüfuzlu turniri üçüncü pillədə başa vurub.

"Neftçi İdman Klubu"nun cüdoçusu Aydan Vəliyeva avqustda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya birinciliyində inamla çıxış edərək mükafatçılar arasında yer alıb. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan xanım idmançımız dünya birinciliyinin bürünc medalına sahib olub.

Cüdoçumuz Vüqar Talıbov (90 kq) sentyabr ayında Çexiyanın paytaxtı Praqada gənclər arasında təşkil olunan Avropa birinciliyində qızıl medal qazanıb. Digər idmançımız İsmayıl Zamanov isə eyni çəkidə bürünc medala layiq görülüb.

Oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında keçirilən cüdo üzrə dünya çempionatında "Neftçi İdman Klubu"nun Azərbaycan millisinin heyətində təmsil olunan iki cüdoçusu əzm nümayiş etdirərək fəxri kürsüdə yer alıb. Səksən iki ölkədən 572 idmançının qalib adı uğrunda mübarizə apardığı mundialda Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medala sahib olublar.

Elə həmin ay Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan U-23 Avropa çempionatını cüdoçularımız iki gümüş medalla başa vurublar. Bu mükafatlara 60 kiloqram çəki dərəcəsində yer alanKənan İsmayılovvə Könül Əliyeva (48 kq)layiq görülüblər.

Dekabr ayında kişilər və qadınlar arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatında "Neftçi İdman Klubu”nun təmsilçiləri 17 medala (8 qızıl, 4 gümüş, 5 bürünc) sahib olublar.
Qeyd edək ki, 68 klub, cəmiyyət və idman təşkilatından 363 cüdoçunun (285 kişi, 78 qadın) çempionluq uğrunda mübarizə apardığı yarışda "Neftçi İdman Klubu”nun cüdoçuları həm kişilər, həm qadınlar arasında, eləcə də ümumkomanda hesabında birinci yeri tutublar.

Bundan əlavə, cüdoçularımız il ərzində müxtəlif ölkələrdə təşkil olunmuş "Böyük dəbilqə” və Qran-pri beynəlxalq turnirlərində də uğurla çıxış edərək ölkəmizə medallarla dönüblər.

Yanvar ayında "Neftçi İdman Klubu”nun güllə atıcısı Ruslan Lunyov beynəlxalq Qran-pri yarışlarında böyük uğura imza atıb. Təmsilçimiz Sloveniyanın Ruşe şəhərində keçirilən nüfuzlu turnirdə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında qızıl medala sahib olub. Cəmi dörd gün sonra isə Xorvatiyanın Osijek şəhərində təşkil olunan Qran-pri yarışında idmançımız eyni növdə gümüş medal qazanıb.

Elə həmin ay "Neftçi İdman Klubu"nun atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərindətəşkil olunan "World Indoor Tour" (Gold Level) turnirində gümüş medala sahib olub. Üçtəkanla tullanma növündə mübarizə aparan idmançımız 16,76 metr nəticə göstərərək bu uğura nail olub. İyunda Qırğızıstanın Bişkek şəhərində atletika üzrə keçirilən beynəlxalq turnirdə isə Nazim Babayev uzunluğa tullanma yarışında 7,69 metr nəticə göstərərək qızıl medala yiyələnib. Atletimiz üçtəkanla tullanma yarışında da 16,24 metr nəticə ilə eyni uğuru təkrarlayıb və yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin ay Nazim Babayev Qazaxıstanın Almatı şəhərində Dünya Atletikası Kontinental Turu çərçivəsində keçirilən beynəlxalq turnirdə üçtəkanla tullanma yarışında 17,74 metr nəticə göstərərək gümüş medal qazanıb.

"Neftçi İdman Klubu”nun şahmatçısı Eltac Səfərli fevralda onlayn "Titled Tuesday Blitz” turnirində mübarizə aparıb. Yarışda uğurla çıxış edən təmsilçimiz 11 turdan 9,5 xal toplayıb. Şahmatçımız bu nəticə ilə ikinci pillədə qərar tutub. Təmsilçimiz may ayında İtaliyada keçirilən beynəlxalq şahmat festivalında isə üçüncü yeri tutub. Eltac Səfərli noyabrda Almaniyada təşkil olunan beynəlxalq turnirin qalibi adını qazanıb. Qrossmeysterimiz 188 şahmatçının qatıldığı 7 turdan ibarət yarışda 6,5 xal toplayaraq bu uğura nail olub.

Bundan əlavə, klubumuzun yetirmələri müxtəlif idman növlərində də il ərzində dünya, Avropa çempionat və birinciliklərində, eləcə də digər beynəlxalq turnirlərdə əzmkarlıq nümayiş etdirərək yüksək nailiyyətlər qazanıblar.

Onu da əlavə edək ki, bugünlərdə Gənclər və İdman Nazirliyinin 2022-ci ilin idman yekunlarına həsr olunmuş "İlin idman yekunları" adlı tədbirində üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.

"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Eldəniz Əzizli sorğunun yekun nəticələrinə əsasən, "İlin ən yaxçı kişi idmançısı” nominasiyasının qalibi olub. Cüdoçumuz Hidayət Heydərov isə bu nominasiya üzrə üçüncü yeri tutub.

2022-ci il təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də uğurlu olub. Yüksək Liqada çıxış edən kişilərdən ibarət voleybol komandamız sonuncu Azərbaycan çempionatında gümüş medal qazanıb. Komandamız çimərlik voleybolu üzrə ölkə çempionatında da eyni uğuru təkrarlayaraq ikinci olub. Bundan əlavə, voleybolçularımız gərgin mübarizə şəraitində keçən "Zəfər kuboku”nun qalibi adını qazanıblar.

"Neftçi İdman Klubu” futzal komandası Yüksək Liqada 2021/2022-ci il mövsümünün bürünc medalına layiq görülüb, Azərbaycan kubokunun isə qalibi olub.

Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən "Qaradağ Lökbatan" komandası da 2021/2022-ci il mövsümünü uğurla başa vurub və I Divizionun çempionu titulunu qazanıb.

"Neftçi İdman Klubu” uşaq futbolunun inkişafına da xüsusi önəm verir. Klub tərəfindən daim seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Hal-hazırda "Neftçi İdman Klubu”nda 15 məşqçinin rəhbərliyi altında 250 uşaq və yeniyetmə futbolun sirlərini öyrənir. Klubumuzun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda təmsil olunurlar.

Sadaladığımız bu uğurlar il ərzində klubun qazandığı çoxsaylı nailiyyətlərin cüzi bir hissəsidir.

Əldə etdiyi yüksək nailiyyətlər sayəsində "Neftçi İdman Klubu” Gənclər və İdman Nazirliyi tərəfindən 2007-2013-cü illərdə ardıcıl olaraq yeddi dəfə, sonrakı illərdə isə daha bir neçə dəfə "İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb.

Təbii ki, bütün bu yüksək nəticə və göstəriciləri əldə etmək SOCAR rəhbərliyinin, şəxsən Rövşən Nəcəfin idmana göstərdiyi xüsusi diqqət və qayğının sayəsində mümkün olmuşdur. Belə ki, "Neftçi İdman Klubu”nun idman qurğuları əsaslı və cari təmir olunmuş, ən müasir idman inventar və avadanlıqları ilə təzhiz edilmiş, idmançı və məşqçilər müxtəlif beynəlxalq yarışlara, təlim-məşq toplanışı və seminarlara ezam olunmuşlar. Bir sözlə, idmançılarımız üçün hər cür şərait yaradılmışdır və tətii ki, uğura aparan yolun sirlərini də elə burada axtarmaq lazımdır.

Hesabat